Azərbaycanda I yarımildə istehlak edilən qazın 59%-i istehsala sərf edilib
Bildirilib ki, təbii qaz üzrə ehtiyatların 29,3 %-i ölkə daxilində istehlak edilib, 58,7 %-i ixrac olunub, 2,4 %-i itkiyə gedib, 9,6 %-i isə iyul ayının əvvəlinə ehtiyat kimi qalıb.Ölkə daxilində istehlak edilən təbii qazın 59,2 %-i istehsal ehtiyaclarına sərf edilib, 40,8 %-i isə əhaliyə satılıb.Bu ilin yanvar-iyun aylarında 12 milyard 682,1 milyon kubmetr və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 % az təbii qaz ixrac edilib.
Bu məsələ ilə bağlı enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, qaz ixracında hər hansı azalma gəlirlərə təsirsiz ötüşmür:
"Energetika Nazirliyinin operativ məlumatına görə 2025-ci ilin yanvar-iyun aylarında ölkədə 25,2 milyard kubmetr təbii qaz hasil edilib. Hesabat dövründə xaricə qaz satışı 12,1 milyard kubmetr təşkil edib. 2024-cü ilin 6 ayı ərzində ölkə üzrə 25,1 milyard kubmetr təbii qaz hasil edilib. Ötən ilin ilk yarımilində xaricə qaz satışı təxminən 12,7 milyard kubmetr təşkil edib.Göründüyü kimi ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac həcmlərində cüzi azalma baş verib. Xarici ölkələrə qaz satışında baş verən cüzi azalma cari ilin 6 ayı ərzində "Şahdəniz" yatağında qaz hasilatında baş verən azalma ilə bağlıdır. Belə ki , ötən ilin 6 ayı ərzində "Şahdəniz" yatağından 14 milyard kubmetr qaz hasil edilib.
Cari ilin 6 ayı ərzində adıçəkilən yatağın hasilat göstəricisi 13,8 milyard kubmetr təşkil edib. Digər tərəfdən keçən ilin müvafiq dövrü ilə müqayisədə AÇG və SOCAR üzrə qaz hasilatlnda artım baş veribdir. Cari ilin ilk yarısında istehlak edilən təbii qazın əsas hissəsi artan enerji təlabatı qarşılığında İES-nın gündəlik xammalla yüklənməsinə və digər sənaye obyektlərinə yönəldilib. Önəmli məsələlərdən biri də qaz nəql sistemində baş verən itgilərin minimuma endirilməsi məsələsidir. Bu baş verərsə əlavə qaz həcmləri real istehlaka yönəldilə bilər.
Qaz ixracında hər hansı azalma gəlilərə təsirsiz ötüşmür. Nəzərə almaq lazımdır ki , Azərbaycanın qaz ixracı portfelində Avropanın enerji bazarları önəmli yer tutur. Bu mənada isitmə mövsümü yaxınlaşdıqca Avropada təbii qaz qiymətlərində artım baş verəcək".
Xədicə Məhərrəmli