Azərbaycanın regional gücə çevrilməsi
Azərbaycan Prezidenti İlham Əliyev həm daxili, həm də xarici siyasətdə regionun aparıcı liderlərindən biri kimi tanınır. Onun rəhbərliyi altında ölkə sabitlik, rifah və beynəlxalq nüfuz dövrünü yaşayır. 2020-ci il Vətən müharibəsində qazanılmış qələbə Azərbaycanın strateji üstünlüyünü bir daha təsdiqlədi. “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunan ərazilərdə müasir infrastruktur, yollar, hava limanları və enerji obyektləri sürətlə inşa edilir.
Prezident İlham Əliyev torpaqların azad edilməsindən dərhal sonra Ermənistanla sülh və münasibətlərin normallaşdırılması üçün yol xəritəsini təqdim edərək bölgədə sabitliyin təmin olunmasına təşəbbüs göstərdi. Onun uzaqgörən liderliyi Azərbaycanın beynəlxalq arenada hörmət qazanan, dinamik iqtisadiyyata və güclü orduya malik bir regional gücə çevrilməsinə şərait yaratdı və xalqın gələcəyə olan inamını daha da möhkəmləndirdi.
Sabiq millət vəkili, politoloq Yusif Bağırzadə “İnformator.az”a açıqlamasında bildirib ki, Prezident İlham Əliyev ardıcıl və düşünülmüş addımları ilə regionun aparıcı liderinə çevrilib:
“Ölkə başçımızın “Sözümüz imzamızdır” ifadəsi artıq cəmiyyətimizdə bir prinsip kimi qəbul olunub. Cənab Prezidentin dürüstlüyü dövlətin sabitliyi və xalqla hökumət arasında etimad körpüsünün qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Onun daxili və xarici siyasətdə həmişə həqiqətləri söyləməsi fəaliyyətində əsas xətt olub. Bu gün Azərbaycanın etibarlı beynəlxalq tərəfdaş kimi tanınmasının səbəbi məhz budur. Prezident İlham Əliyevin liderliyini şərtləndirən əsas amil onun dövlət və milli maraqları qətiyyətlə müdafiə etməsidir. Dünyada müşahidə olunan qeyri-müəyyənliklər dövlətləri effektiv siyasət yürütməyə vadar edir. Cənab Prezident isə bu çağırışlara adekvat cavab verərək Azərbaycanın Cənubi Qafqazda regional lider mövqeyini təmin edib”.
Yusif Bağırzadə əlavə edib ki, bu gün Azərbaycan öz sözünü deyən və mövqeyini qətiyyətlə müdafiə edən güclü bir dövlətdir:
“Ölkəmiz çoxsaylı dost və tərəfdaşları ilə birlikdə regionun və dünyanın yeni enerji və nəqliyyat xəritəsini formalaşdırır. Azərbaycan qlobal problemlərin həllinə dəyərli töhfələr verməklə yanaşı, beynəlxalq nüfuzunu daha da artırır. Regional enerji təhlükəsizliyinə verdiyi töhfələrlə yanaşı, Azərbaycan həm də əsas nəqliyyat habına çevrilərək Şərqlə Qərb, Şimalla Cənub arasında bir körpü rolunu oynayır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, qitələrarası körpü olmaq cəmiyyətimizin inkişafında mühüm rol oynayır. Azərbaycanın həyata keçirdiyi sülh strategiyası regionda uzunmüddətli təhlükəsizlik, inkişaf və əməkdaşlıq üçün real zəmin yaradır. 44 günlük Vətən müharibəsindən sonra ölkəmiz yalnız ərazi bütövlüyünü bərpa etməklə kifayətlənməyib, həm də regional əməkdaşlıq proseslərinin aparıcı qüvvəsinə çevrilib. Bakı mütəmadi olaraq Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması, regional əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində yeni təşəbbüslərlə çıxış edir və bu proses hələ də davam edir. Məhz Azərbaycanın təşəbbüsü ilə başlayan sülh prosesi artıq sülh sazişinin paraflanması ilə yekun mərhələsinə qədəm qoyub. Təklif etdiyimiz regional kommunikasiyaların açılması, iqtisadi əlaqələrin bərpası və inteqrasiya proseslərinin dərinləşdirilməsi bütün region ölkələri üçün faydalı olacaq. Prezidentin təqdim etdiyi sülh yol xəritəsi və onun nümayiş etdirdiyi prinsipiallıq nəticəsində Azərbaycanın bütün təklif və tələbləri Ermənistan tərəfindən qəbul edilib”.
Nərgiz Əzizli