Azərbaycanın siyasi tarixində iz qoyan liderin doğum günü
Bu gün Azərbaycan xalqı üçün xüsusi gündür -ölkəmizin Prezidenti, Azərbaycanın müasir tarixində əvəzsiz iz qoyan İlham Əliyevin doğum günüdür. Onun rəhbərliyi ilə Azərbaycan yalnız regionda söz sahibi olan, sabit və inkişaf edən dövlətə çevrilməyib, eyni zamanda milli birliyimizin və tariximizin qorunmasında da önəmli rol oynayıb.
Azərbaycan regionda sabitliyi, inkişafı və etibarlı idarəçiliyi ilə seçilən dövlətə çevrilib. Prezidentin siyasəti ölkəmizin beynəlxalq arenada söz sahibi olmasını təmin edib, daxili stabilliyi gücləndirib və sosial-iqtisadi inkişafı sürətləndirib. İlham Əliyevin adı, eyni zamanda tarixi ədalətin bərpası ilə bağlıdır. 2020-ci ilin payızında baş vermiş "44 Günlük Vətən Müharibəsi" Azərbaycanın tarixində dönüş nöqtəsi olub. 30 illik həsrət sona çatıb, Qarabağ və ətraf rayonlar Azərbaycanın ayrılmaz hissəsi kimi dünyaya tanıdılıb. Bu qələbə yalnız ərazi bütövlüyümüzün təmin olunması deyil, həm də xalqımızın milli birliyi, qüruru və azərbaycançılıq ideallarının təcəssümü olub. Hər bir Azərbaycan vətəndaşı bu tarixdə dövlətinə olan sevgisini və qürurunu bir daha hiss etdi. Qələbə, həmçinin ölkəmizin beynəlxalq nüfuzunu gücləndirərək rgionda tarazlıqların bərpasına xidmət etdi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji layihələr, iri infrastruktur və sosial-iqtisadi islahatlar Azərbaycanın inkişaf xəttini müəyyənləşdirib. Energetika, nəqliyyat, səhiyyə və təhsil sahələrində həyata keçirilən böyük layihələr xalqın rifahının yüksəlməsinə və dövlətimizin davamlı inkişafına xidmət edir. Qarabağ müharibəsində əldə olunan qələbə, həyata keçirilən sosial-iqtisadi və infrastruktur layihələri ilə birləşərək Azərbaycanın həm daxili, həm də beynəlxalq mövqeyini möhkəmləndirib.
Bu əlamətdar gün münasibətilə Prezident İlham Əliyevə möhkəm cansağlığı, uzun ömür, fəaliyyətində yeni uğurlar və xalqımız naminə gördüyü işlərdə davamlı nailiyyətlər arzulayırıq. Onun Azərbaycan üçün göstərdiyi səylər, tarixi xidmətləri və ölkəmizin inkişafına verdiyi töhfələr daim yaddaşlarda qalacaq. Azərbaycanın gələcəyi uğrunda atdığı addımlar isə gələcək nəsillər üçün örnək olacaq.
Mələk Hüseynova
