Azərbaycanın Venesueladakı səfiri etimadnaməsini Maduraya təqdim edib
Azərbaycanın Venesueladakı səfiri Ruslan Rzayev etimadnaməsini Prezident Nikolas Maduroya təqdim edib. Görüşdə dövlət başçıları arasında salamlar çatdırılıb, ikitərəfli əlaqələrin inkişafı, beynəlxalq təşkilatlar, xüsusilə Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq və iqtisadi, enerji, turizm kimi sahələrdə perspektivlər müzakirə olunub.
Mövzu ilə bağlı siyasi şərhçi Araz Xan “İnformator.az”a açıqlamasında bildirib ki, Venesuela coğrafi cəhətdən Azərbaycandan uzaqda yerləşən ölkədir:
“Son illərdə münasibətlərin inkişafı müşahidə olunur və bu prosesdə dövlət başçılarının qarşılıqlı əlaqələri həlledici rol oynayır. Xüsusilə Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycan və Venesuela liderləri fəal əməkdaşlıq edirlər. Son illərdə Venesuela Prezidenti Azərbaycana iki dəfə səfər edib. Əslində Venesuela ilə əlaqələri Azərbaycanın çoxşaxəli xarici siyasət strategiyasının bir hissəsi kimi qiymətləndirmək olar. Bakı özünü yalnız Qərb və ya Rusiya ilə deyil, qeyri-ənənəvi tərəfdaşlarla da işləyə bilən qlobal oyunçu kimi təqdim edir. Nəzərə almaq lazımdır ki, Maduro heç də asan ünsiyyət qurula biləcək siyasətçi deyil. Amma Azərbaycan Prezidentinin əsas xüsusiyyətlərindən biri, onun bu cür qəliz siyasətçi deyə biləcəyimiz liderlərlə rahat ünsiyyət qurmaq qabiliyyətidir. Bu da Azərbaycana dünyanın müxtəlif regionlarında siyasi əlaqələr qurmağa imkan verir. Yaddan çıxarmamalıyıq ki, Latın Amerikası ölkələrində güclü erməni diasporu fəaliyyət göstərib. Bu da beynəlxaq təşkilatlarda Azərbaycana qarşı ciddi cəbhə yaranmasına səbəb olub. Prezident İlham Əliyev həm Qoşulmama Hərəkatı çərçivəsində, həm də ikitərəfli əlaqələri inkişaf etdirməklə bu vəziyyəti Azərbaycanın xeyirinə dəyişməyə nail olub. Çox güman ki, Azərbaycanın Venesuelaya yeni təyin olunan səfiri Ruslan Rzayevin də qarşısına bu münasibətləri daha da inkişaf etdirmək tələbi qoyulub”.
Nərgiz Əzizli