Azərbaycanın xarici siyasətində milli maraqlar əsasdır
Azərbaycanın xarici siyasəti milli maraqların qorunması və beynəlxalq hüquqa hörmət prinsipləri üzərində qurulur. Bu yanaşma həm qonşu dövlətlərlə münasibətləri, həm də Azərbaycanın beynəlxalq arenadakı mövqeyini müəyyən edir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Aydın Quliyev bildirib ki, xarici siyasət iki əsas prinsip üzərində qurulub - milli inkişaf və təhlükəsizlik maraqları, eləcə də beynəlxalq hüquqa hörmət:
"Ölkə yalnız milli maraqlarına uyğun siyasət yürüdür və heç bir dövlətin ərazi bütövlüyünə zərər vermir. Başqa ölkələrdən də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət tələb olunur. Bu prinsiplər Azərbaycanın xarici siyasətinin əsasını təşkil edir və bütün zamanlarda etibarlıdır. Qonşu dövlətlərlə münasibətlər Azərbaycanın milli maraqlarına əsaslanır. Son 30 ildə Türkiyə və Gürcüstanla münasibətlər hər tərəfli etimad əsasında qurulub, regional nəqliyyat və tranzit layihələri uğurla həyata keçirilib. Bu layihələr yalnız Azərbaycanın və qonşuların deyil, həm də Mərkəzi Asiya, Avropa və uzaq ölkələrin maraqlarını nəzərə alıb. Eyni zamanda, Azərbaycan Ermənistan və İran kimi bəzi qonşuların maraqlarına uyğun olmayan siyasətinə qarşı öz milli maraqlarını qoruyub. Azərbaycan beynəlxalq səviyyədə də mövqeyini gücləndirib. Ölkə öz ərazi bütövlüyünü və suverenliyini prinsipial şəkildə qoruyub, bitərəf mövqeyini saxlayır və beynəlxalq təşkilatlarla əməkdaşlığı inkişaf etdirir. Fərqli sivilizasiyaları təmsil edən beynəlxalq qurumlarla inteqrasiya yarada bilmək də Azərbaycanın nüfuzunu artırır. Azərbaycanın balanslı siyasəti regiondakı vəziyyətlə milli maraqlarını uğurla əlaqələndirməyə imkan verib. Bu, ölkənin regional və qlobal səviyyədə nüfuzunun artmasına, həmçinin inkişafının davamlı olmasına şərait yaradıb”.
Ayşə Müzəfərli