Azərbaycanla münasibətlərdə əsas maraq qorunur
Rusiya Prezidenti Vladimir Putin Çində keçirilən İkinci Dünya Müharibəsinin başa çatması ilə bağlı tədbirdə çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə qısa söhbət etdiyini bildirib. O, Moskva ilə Bakı arasındakı münasibətləri şərh edərək bəzi sualların və problemlərin mövcud olduğunu desə də, tərəflərin fundamental əməkdaşlıq maraqlarının bu çətinliklərin həllinə imkan verəcəyinə inandığını vurğulayıb.
Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan və Rusiya arasında münasibətlər hələ də gərgin olaraq qalır və bu, Rusiyanın son davranışlarında da aydın görünür:
"Rusiyada azərbaycanlıların həbsi və onlara qarşı zorakılıq halları hələ də dayandırılmayıb, eyni şəkildə davam edir. Eyni zamanda, Rusiya mediası Azərbaycana qarşı iftiralar, əsassız ittihamlar və təhdidlər səsləndirməyi davam etdirir.Bu proses Kremlin razılığı, xəbəri və təlimatı olmadan baş verə bilməz. Deməli, Rusiyada Azərbaycana qarşı atılan bütün addımlar Kreml daxilində müəyyən dairələr tərəfindən idarə olunur. Ancaq Kreml də anlamalıdır ki, mövcud vəziyyət uzun müddət davam edə bilməz. Bu gərginlik, əslində, Azərbaycandan çox Rusiyanın öz əleyhinə işləyən bir prosesdir. Kreml qəbul etməlidir ki, Azərbaycan kənar təsirlərə qarşı immuniteti olan, təzyiq və təhdidlərə reaksiya verməyi bacaran müstəqil bir dövlətdir. Belə vasitələrlə Azərbaycanı Rusiyanın imperiya maraqlarına tabe etdirmək mümkün deyil. Azərbaycanla münasibətlər yalnız bərabər hüquqlu, qarşılıqlı faydaya və ortaq maraqlara əsaslanarsa inkişaf edə bilər. Kreml bu reallığı anlamalıdır, əks halda Azərbaycan–Rusiya münasibətlərinin normallaşması mümkün olmayacaq. Görünən odur ki, artıq Moskvada da bu reallığı qəbul etməyə başlayırlar. Rusiya Prezidenti Vladimir Putinin Çində keçirilən tədbir çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə salamlaşması da bu istiqamətdə bir siqnal kimi dəyərləndirilə bilər. Putinin son açıqlamaları da əvvəlkindən daha yumşaqdır və Rusiyanın Azərbaycanla münasibətlərin normallaşmasına maraq göstərdiyini ortaya qoyur".
Ekspert həmçinin bunu da bildirib ki, Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı maraqları üçün strateji əhəmiyyətə malikdir, çünki Moskvanın bu bölgədə planlarının reallaşması Azərbaycanın razılığı olmadan mümkün deyil.
"Azərbaycan Cənubi Qafqazın lider dövləti və regionun əsas geosiyasi mərkəzidir. Bu mərkəzin razılığı olmadan heç bir xarici dövlət, o cümlədən Rusiya, Cənubi Qafqazda öz maraqlar sistemini qura bilməz. Bundan əlavə, Rusiyanın İranla birbaşa nəqliyyat-kommunikasiya marşrutuna çıxışında Azərbaycan açar rol oynayır. Bu marşrutun İran ərazisində inşası artıq Rusiya şirkətləri tərəfindən həyata keçirilir və layihənin Azərbaycan üzərindən keçməsi nəzərdə tutulur. Azərbaycanla münasibətlərin gərgin qalması bu layihənin reallaşmasına ciddi maneələr yarada bilər. Odur ki, Rusiya Cənubi Qafqazda proseslərin inkişaf dinamikasını nəzərə alaraq Azərbaycanla münasibətləri normallaşdırmaq barədə düşünməlidir. Əks halda ziddiyyətlər daha da dərinləşəcək və Kreml anlamalıdır ki, Rusiyanın Azərbaycana qarşı təzyiq mexanizmləri artıq işləmir. Azərbaycan Rusiyanın orbitinə daxil edilə biləcək bir dövlət deyil. Buna görə də Moskva üçün yeganə çıxış yolu Azərbaycanla normal, bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlər qurmaqdır. Əks halda bu münasibətlərin pozitiv məzmun kəsb edəcəyi inandırıcı görünmür".
Güllər Gülhüseynova