Azərbaycanla Yaponiya arasında siyasi məsləhətləşmələr aparılıb
Nümayəndə heyətinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Yaponiya tərəfindən isə Xarici İşlər Nazirliyinin Avropa bürosunun Baş direktorunun müavini, Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndə Masaki İşikava başçılıq ediblər.
Mövzu ilə əlaqədar olaraq politoloq Əli Mustafa "İnformator.az" a açıqlamasında bildirib ki, Yaponiya ilə əlaqələr Azərbaycan üçün müsbət nəticələr verəcək:
"Bildiyimə görə, görüş Xarici İşlər Nazirlikləri səviyyəsində, yəni, nazir müavinləri səviyyəsində həyata keçirilib. Görüşdə Azərbaycan tərəfini Xarici İşlər nazirinin müavini, Yaponiya tərəfini isə bu ölkənin Azərbaycandakı səfiri təmsil edib.
Görüş zamanı əsas diqqət siyasi, iqtisadi, ticarət, alternativ enerji, ekoloji və kənd təsərrüfatı sahələrində əməkdaşlığa yönəlib. Bu dialoq, fikrimcə, çox faydalı və perspektivli olub.
Ümumiyyətlə, Azərbaycanın son illərdə xarici siyasətində şaxələndirmə əsas prioritetlərdən biridir. Yəni müxtəlif coğrafiyalarda yerləşən ölkələrlə əlaqələrin inkişafı, siyasi və iqtisadi münasibətlərin dərinləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Yaponiya isə dünyanın ən inkişaf etmiş, böyük iqtisadi güclərindən biri olaraq bu strategiyada xüsusi yer tutur.Azərbaycan və Yaponiya arasında tarixi və mədəni baxımdan da yaxınlıq mövcuddur. Yaponlar özlərini türk xalqları ilə yaxın mənəvi əlaqədə görürlər. Bu da tərəflər arasında qarşılıqlı marağın artmasına zəmin yaradır. Eyni zamanda, bölgədə xüsusilə Çin və digər güclərlə rəqabət fonunda Yaponiya da Azərbaycan və ümumilikdə türk dünyası ilə əlaqələrini gücləndirməkdə maraqlıdır.
Görüşdə, ehtimal ki, regionda təhlükəsizlik məsələləri də gündəmdə olub. Yaponiya alternativ enerji, kənd təsərrüfatı, ekoloji problemlər və investisiyalar sahəsində əməkdaşlığı inkişaf etdirməyə açıqdır. Azərbaycanın da əsas məqsədlərindən biri bu sahələrə Yapon investisiyasını cəlb etməkdir. Bunun üçün ölkəmizdə investisiya mühitinin daha da yaxşılaşdırılması vacibdir.
Həmçinin qeyd edilməlidir ki, Yaponiya “Bir Kəmər, Bir Yol” təşəbbüsünün iştirakçısı olaraq Avropa və digər regionlarla ticarət əlaqələrində Azərbaycan ərazisindən keçən Orta Dəhlizdən istifadə etməkdə maraqlıdır. Bu da əlavə əməkdaşlıq imkanları yaradır.
Xüsusilə Qarabağ bölgəsinin yenidən qurulması və bərpası çərçivəsində də Yaponiya ilə əməkdaşlıq imkanları yetərlidir. Kənd təsərrüfatı, ekoloji layihələr və alternativ enerji sahələri Yaponiya üçün prioritet istiqamətlərdir və bu sahələrdə birgə layihələr həyata keçirmək mümkündür.Ən önəmlisi isə odur ki, artıq bu dialoq başlayıb. Ümid edirik ki, yaxın gələcəkdə Azərbaycan–Yaponiya münasibətləri daha da dərinləşəcək və müxtəlif sahələrdə səmərəli əməkdaşlıq baş tutacaq".
Arzu Poladova
