Azərbaycanlı rejissorun filmi “TÜRKSOY xüsusi mükafatı”na layiq görülüb
Qazaxıstanda “Aktau – Türk dünyasının mədəniyyət paytaxtı” proqramı çərçivəsində URKER Beynəlxalq Animasiya Film Festivalı keçirilib.
"İnformator.az" "Teleqraf"a istinadən bu barədə Azərbaycan Animasiya Assosiasiyasından məlumat verilib.
Bildirilib ki, festivalın əsas müsabiqə proqramında tanınmış azərbaycanlı rejissoru Məsud Pənahinin “Narqız” animasiya filmi nümayiş olunub və münsiflər heyətinin qərarına əsasən “TÜRKSOY xüsusi mükafatı”na layiq görülüb.
Mükafatı TÜRKSOY-un Baş katibi Sultan Raev “Narqız” filminin prodüseri, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyevə təqdim edib. Mükafat Türk dünyasının mədəni irsinə və bədii ifadəsinə göstərilən görkəmli töhfəyə görə təqdim olunub.
Özbəkistanın tanınmış rejissoru Mavzur Mahmudovun rəhbərlik etdiyi festivalın münsiflər heyətində Azərbaycan Animasiya Assosiasiyasının üzvü, Türk Animasiya Assosiasiyanın (ATA) sədri, “Plastilin” (Finlandiya) və “Alove” (Azərbaycan) studiyaların direktoru, prodüser Oqtay Yusibov, Türkiyənin “Rafadan Tayfa” serialının rejissoru və prodüseri İsmail Fidan, Qazaxıstan sosial antropoloqu Evfrat B.İmambek və Qırğızıstan rejissoru Kanybek Omurbekov yer alıblar.