AzTU-da “Bakı Marafonu 2016” ilə bağlı görüş
Azərbaycan Texniki Universitetində (AzTU) Heydər Əliyev Fondunun təşəbbüsü ilə may ayının 1-də təşkil olunacaq “Bakı Marafonu 2016” ilə bağlı görüş keçirilib. Görüşdə Universitet rəhbərliyi, Təhsil Nazirliyinin nümayəndələri, “Bakı Marafonu 2016”-nın təşkilatçıları və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Universitetin Tədris işləri üzrə prorektoru Xalıq Yahudov tələbə və müəllimlərə “Bakı Marafonu 2016” ilə bağlı qısa məlumat verib və görüşə qatılan qonaqları təqdim edib. Prorektor çıxışında tələbələrə Marafonda aktiv iştirak etməyi tövsiyə edib və bildirib ki, sağlam gənclik ölkəmizin sağlam gələcəyi deməkdir.
Marofonun təşkilatçılarından olan Firdovsi Kərimov isə Marafon yürüşünün yaranma tarixindən danışıb və bu yürüşün önəminə diqqət çəkib. Firdovsi Kərimov deyib ki, hazırda Azərbaycanda 15-ə yaxın profesional marafonçu var.
Daha sonra tələbələrə “Bakı Marafonu 2016” keçiriləcəyi yer haqqında məlumat verilib. Bildirilib ki, “Bakı Marafonu 2016” Dövlət Bayraq Meydanından başlayaraq Bakı Olimpiya Stadionuna qədər 21 km məsafəni əhatə edəcək. İştirakçılar arasında tanınmış ictimai-siyasi xadimlər, idmançıların da olması nəzərdə tutulur.
Yürüşün keçirilməsində məqsəd son illər idman ölkəsinə çevrilən Azərbaycanda sağlam həyat tərzinə dəstək olmaqdı. Bundan əlavə, gənclərimizi bu istiqamətdə tərbiyə etmək və “Bakı Marafonu 2016”-nı dünya səviyyəli bir yarışmaya çevirməklə ölkəmizə turist cəlb etmək hədəflənib.
Qeyd edək ki, Marafon Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunur. Layihənin icrasını isə “SMG” (Sport Marketing Group) şirkəti həyata keçirir.
