“Bölgədə güc balansı artıq 2020-ci ildən sonra dəyişib”
Siyasi şərhçi Loqinova qeyd edib ki, Donald Tramp regionda yeni ittifaqlara açıqdır və Azərbaycanın “qardaş” hesab etdiyi tərəflərlə əlaqələri gücləndirir. Onun sözlərinə görə, bu ABŞ-nin Cənubi Qafqaz siyasətində dönüş nöqtəsi ola bilər. Analitiklər bu addımı regionda güc balansının dəyişməsi və ABŞ-nin strateji maraqlarının təzələnməsi kimi qiymətləndirirlər.
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, Trampın Cənubi Qafqazla bağlı yeni siyasi xətti SSRİ dağıldıqdan sonra bölgədə formalaşan geopolitik reallıqların davamlı təhlili nəticəsində ortaya çıxıb:
“1991-ci ildən sonra Cənubi Qafqaz ölkələri müstəqilliklərini bərpa edib. ABŞ bu dövrdən etibarən bölgədə strateji nüfuz imkanlarını genişləndirməyə çalışıb, amma Rusiya və İranın regional maraqları, həmçinin Türkiyənin iştirak etdiyi geosiyasi oyunlar ABŞ-nin burada söz sahibi olmasını çətinləşdirib. Trampın bu addımı isə ABŞ-nin uzun müddət planladığı strateji maraqlarını reallaşdırmaq üçün yeni imkan yaradır. Azərbaycan və Türkiyə ilə yaxın münasibətlərin mövcudluğu ABŞ-nin Cənubi Qafqazdakı siyasətini dəyişdirir.
2020-ci il Qarabağ müharibəsindən sonra regionda status quo dəyişib. Azərbaycan və Türkiyə müttəfiqliyi bölgədəki siyasi və strateji güc balansını ciddi şəkildə dəyişib. ABŞ artıq bölgəyə daha yaxından inteqrasiya etmək imkanına malikdir. Trampın bu birləşməsi, Azərbaycanın ‘qardaş’ hesab etdiyi tərəflərlə əlaqələri gücləndirməsi, həm də ABŞ-nin Cənubi Qafqazda strateji maraqlarını qorumağa xidmət edir. ABŞ-nin bu addımı müxtəlif regional güc mərkəzləri ilə qarşılıqlı əlaqəni əhatə edir. Burada Rusiya və İran faktoru həlledici rol oynayır. Eyni zamanda, Azərbaycan və Türkiyə müttəfiqliyi regional güc balansının formalaşmasında əsas aktor kimi çıxış edir. ABŞ bu kontekstdə yeni imkanlar əldə edərək, həm regional iqtisadi, həm də strateji maraqlarını gücləndirmək niyyətindədir. Qəbələdə keçiriləcək Türk Dövlətləri Təşkilatı sammiti də bu əməkdaşlığın davamlılığına təkan verəcək".
Həmçinin şərhçi qeyd edib ki, bölgədə güc balansı artıq 2020-ci ildən sonra dəyişib:
“Qarabağ məsələsi uzun illər regionun əsas problemi kimi qalıb və Ermənistan dəstəyi ilə Rusiya və İran bölgədə təsirini qoruyub. 2020-ci il müharibəsi sonrası Azərbaycan bu strateji üstünlüyü əldə edib. ABŞ bu vəziyyəti nəzərə alaraq bölgədə daha aktiv rol oynamağa çalışır. Trampın yeni xətti, həmçinin ABŞ-nin Türkiyə ilə münasibətlərini optimallaşdırmaq üçün bir fürsət yaradır. Trampın bu birləşməsi bölgədə yeni güc mərkəzlərinin formalaşmasına təsir edəcək. Azərbaycan və Türkiyə ABŞ ilə əməkdaşlıq çərçivəsində regional siyasətdə öz mövqelərini möhkəmləndirir. Bu, Cənubi Qafqazda gələcəkdə güc balansını dəyişə biləcək strateji addımlardan biridir. ABŞ-nin burada maraqları və Azərbaycan-Türkiyə əməkdaşlığı gələcəkdə regionun geosiyasi strukturunu təyin edəcək”.
Ayşə Müzəfərli
