00:00:00
Yazar
Admin User
16.06.2025 18:22 99 2 dəq oxuma
Dünya

"Bölgədəki böhranların mənfi təsirlərindən ölkəmizi qorumağa çalışırıq"

"Bölgədəki böhranların mənfi təsirlərindən ölkəmizi qorumağa çalışırıq"

Ankarada Nazirlər Kabinetinin iclası keçirilib. Prezident Rəcəb Tayyib Ərdoğan iclasdan sonra çıxış edərək bölgədəki gərgin vəziyyətlə bağlı açıqlamalar verib.

 

Prezident bildirib ki, bir sıra dünya liderləri və bölgə ölkələrinin rəhbərləri ilə danışıqlar aparılıb, məqsəd – geniş coğrafiyada döyüşlərin dayandırılmasıdır.

 

İsrail-İran qarşıdurmasına toxunan Ərdoğan vurğulayıb ki, İranın nüvə obyektlərinə hücum adı ilə həyata keçirilən əməliyyatların arxasında əslində daha dərin və məkrli məqsədlər dayanır. Onun sözlərinə görə, bu məsələ yalnız danışıqlar yolu ilə həll olunmalıdır və Ankara əvvəldən bu mövqedə olub.

 

Prezident əlavə edib ki, bölgəmizdə reallığa söykənməyən hər bir addım fəlakətlərə yol açır və bu fəlakətlər sonda zülm edənlərin özlərini vurur. İsrailin aqressiv siyasətini pisləyən Ərdoğan bildirib ki, bu yanaşma bölgədə sabitliyi pozur.

 

O qeyd edib:

 

“İsrailin Qəzzanı yerlə-yeksan etməsi və qonşu ölkələri təhdid etməsi bölgəmiz üçün ciddi təhlükədir. Bəlkə də sonradan səhvini anlayacaq, amma artıq gec olacaq".

 

Prezidentin sözlərinə görə, İsrailin hər yeni hücumu və insanlığa qarşı hərəkətləri onun mövcudluğunu və gələcəyini riskə atır.

 

Türkiyənin mövqeyini açıqlayan Ərdoğan bildirib ki, Ankara istənilən münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarıdır, eyni zamanda hadisələrin istənilən ssenarisi üçün hazırlıq var.

 

O, bölgədə davam edən Rusiya-Ukrayna müharibəsinə, Pakistan-Hindistan gərginliyinə, İsrailin Qəzza, Livan və Suriyada törətdiyi faciələrə toxunub. İsrailin indi də İrana hücuma keçdiyini və bu hücumların çox təhlükəli nəticələr doğura biləcəyini bildirib.

 

Ərdoğan, ABŞ, İran, Rusiya, Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Pakistan, Suriya, Oman, Küveyt və İraq liderləri ilə aparılan danışıqlarda bu təhlükələrin vurğulandığını qeyd edib. Bildirib ki, problemin yeganə həll yolu diplomatik dialoqdur və Ankara bu istiqamətdə hər cür dəstəyə hazırdır.

 

Sonda Prezident əlavə edib:

 

“Hazırkı şəraitdə orta və uzun mənzilli raket ehtiyatlarımızı çəkindirmə gücünə çatdırmaq üçün istehsal planlarımızı formalaşdırırıq. Artıq arsenalımızda olan məhsulları kifayət qədər sayda və səmərəli şəkildə istehsal edə bilirik".

 

Ərdoğan sonda vurğulayıb ki, hökumət ölkəni bölgədəki böhranların mənfi təsirlərindən qorumağa çalışır.

 

Anadolu Agency

Ayan Əsgərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər