Bəsdir-Tramp İrana ultimatum verib
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar istənilən halda İranla sülh sazişinin bağlanmasına nail olacaq.
Bu barədə "ABC News" telekanalının aparıcısı Conatan Karl məlumat verib.
"Bu, hər necə olursa-olsun, yaxşı yolla və ya pis yolla baş tutacaq", - deyə C.Karl "X" platformasında Ağ Evin rəhbərindən sitat gətirib.
Tramp "Truth Social" şəbəkəsində Tehranın razılaşmadan imtina edəcəyi təqdirdə İrandakı bütün elektrik stansiyalarını və körpüləri məhv edəcəyi barədə təhdidini yenidən səsləndirib.
"Yaxşı oğlan olmaq artıq bəsdir. Onlar tez təslim olacaqlar, asanlıqla təslim olacaqlar. Biz çox ədalətli və ağlabatan razılaşma təklif edirik və ümid edirəm ki, bununla razılaşacaqlar, çünki əks halda Birləşmiş Ştatlar ordusu İrandakı hər bir elektrik stansiyasını və istisnasız olaraq bütün körpüləri məhv edəcək", - deyə prezidentin paylaşımında bildirilir.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-İran danışıqlarının nəticəsindən asılı olmayaraq müharibənin davam etmə ehtimalı yüksək olaraq qalır:
“ABŞ prezidenti Donald Trampın mütəmadi olaraq qeyri-ciddi və reallıqdan uzaq açıqlamaları daha çox pafoslu təhdidləri xatırladır. Yanlış məlumatlar sonra həqiqətə kölgə salır və nəticə fərqli olur. Trampın İrana qarşı son təhdidi də bu qəbildəndir. O özü də görür ki, İran təhdid dilindən anlamır. Belə olduğu halda, iki aya yaxındır ultimatum vermək, təhdid etmək əksinə, ABŞ-nin İran qarşısında naçar qaldığı görüntüsü yaradır. Buna baxmayaraq, gedən proseslər göstərir ki, İrana qarşı növbədə daha şiddətli hücumlar var. İsrailin də bu məsələdə ABŞ hakimiyyətini təhrik etməsi əsas faktordur. Real əməliyyat planlarının masada olması təbiidir. Çünki faktiki olaraq müharibə vəziyyətindədirlər. Danışıqları İsrail istəmir və İran rejimini tam çökürdənə qədər ABŞ-yə basqılar edəcək. İranla ABŞ arasında davam edən danışıqlar əslində, müharibədən əvvəl başlayıb və Omanda aparılıb. Lakin İsrailin müharibə istəyinə tabe olan ABŞ danışıqlara davam etməyib. İndiki danışıqların da nəticəsinin nə olacağından asılı olmayaraq müharibənin davam edəcəyi ehtimalı daha yüksəkdir. Eyni zamanda İranda SEPAH və sivil hakimiyyət arasında ziddiyyətlər dərinləşir. Hətta SEPAH generalları nazirləri hədəfə alır, açıq şəkildə qarşı gəlirlər. Əgər İranın sivil hakimiyyətin nümayəndələri hesab olunan diplomatlar danışıqlarda nəticə əldə edərlərsə, bu nəticə SEPAH generallarını qane etməsə, həm müharibə yenilənə, həm də İranda hakimiyyət daxilində uçurum vətəndaş müharibəsinə qədər gedib çıxa bilər”.
Ekspert qeyd edib ki, İranda hakimiyyət daxilində yaranan ziddiyyətlər və parçalanma danışıqlar prosesini daha da çətinləşdirir:
“Pakistanın obyektiv müsəlman ölkəsi, mötədil İslam dövləti olduğunu İran da bilir. Baxmayaraq ki, Kəşmir problemində İran hər zaman Hindistanın yanında olub, Pakistana qarşı cəbhə alıb. Lakin Pakistan həm İran, həm də normal münasibətləri olan ABŞ qarşısında öz humanist addımını atır. Ümumiyyətlə, SEPAH generalları və İsrailin radikal mövqeyi qarşısında danışıqların baş tutacağı da az ehtimaldır. Baş tutsa belə, nəticə olmaya bilər. Razılıq əldə olunsa da SEPAH bunu qəbul etməyəcək. Çünki tamamilə müharibəyə kökləniblər. Pakistanın danışıqlar üçün seçilmiş olması, əsasən İranın bu ölkəyə sığınması, arxlanaması baxımındandır. Əvvəl Omanda olan danışıqlar nəticə vermədiyi kimi bu da verməyəcək. ABŞ üçün danışığın harada olması önəmli deyil. Hazırki proseslərdə, İran mövzusunda demək olar ki, de-fakto İran SEPAH tərəfindən, ABŞ isə İsrail tərəfindən idarə olunur. Odur ki, əsas onların mövqeyi və istəyi nəyə doğrudursa, nəticə də ona uyğun olacaq. Onların istəyi isə indiki mərhələdə müharibəyə davam etməkdir. Bütün hallarda İrandakı parçalanma hakimiyyətin daxilində ziddiyyətləri dərinləşdirəcək və ABŞ-nin növbəti hücum dalğasına zəmin yaranacaq. İndiki müvəqqəti atəşkəs, sanki ABŞ-nin geri çəkilmə görüntüsü taktiki gedişdir. Bu fasilə müddətində İsrail və ABŞ İranın içində işləyir. Bu fəaliyyət də tədricən nəticəsini verir, artıq hakimiyyət daxilində radikallar və islahatçılar arsındakı mübahisələr beynəlxalq mediaya çıxıb”.
Lalə Qurbanlı