00:00:00
Yazar
Admin User
24.12.2025 17:47 85 2 dəq oxuma
Siyasət

Bakı Bəyannaməsinin BMT-nin rəsmi sənədi kimi dərc olunması

Bakı Bəyannaməsinin BMT-nin rəsmi sənədi kimi dərc olunması

Bakı Bəyannaməsinin Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmi sənədi kimi dərc olunması beynəlxalq siyasi müstəvidə mühüm hadisə kimi dəyərləndirilir. Bu addım sənədin yalnız regional çərçivədə deyil, qlobal səviyyədə tanınmasına və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasına imkan yaradır.

 

Mövzu ilə bağlı siyasi şərhçi Asif Nərimanlı “İnformator.az”a açıqlamasında bildirib ki, Bakı Bəyannaməsinin BMT-nin rəsmi sənədi kimi dərc olunması Azərbaycan təşəbbüslərinin beynəlxalq müstəviyə çıxarılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu, Azərbaycan üçün ilk təcrübə deyil:

 

“Daha əvvəl də həm regional, həm də qlobal xarakterli Azərbaycan təşəbbüsləri BMT səviyyəsində qəbul olunub. Bunun real nümunələrindən biri pandemiya dövründə Azərbaycanın irəli sürdüyü təşəbbüslərdir. Həmin sənədləri BMT qəbul edib, hətta müzakirələrə çıxarılıb. Pandemiya ilə mübarizə, vaksinlərin ədalətli və bərabər bölgüsü kimi məsələlər BMT platformasında müzakirə olunaraq qlobal səviyyədə müsbət təsir göstərib. Bu təşəbbüslər zaman-zaman Azərbaycandan irəli sürülüb və mühüm nəticələr əldə olunub”.

 

Siyasi şərhçi vurğulayıb ki, son Bakı Bəyannaməsi Azərbaycanın beynəlxalq əhatə dairəsini genişləndirməklə yanaşı, sənəddə əks olunan itkin düşmüş şəxslərlə bağlı problemin həllinə də töhfə verə bilər:

 

“İtkin düşmüş şəxslər məsələsi təkcə Azərbaycanın deyil, regionun və eyni zamanda qlobal miqyasda bütün münaqişələr üçün aktual olan problemdir. Bakı Bəyannaməsinin BMT sənədi kimi dərc olunması beynəlxalq ictimaiyyətin diqqətini bu humanitar məsələnin həllinə yönəldə bilər və Azərbaycanın beynəlxalq nüfuzunun artmasına xidmət edər. Həmçinin bu təşəbbüs Cənubi Qafqazda sülh prosesinə də müsbət təsir göstərə bilər. Azərbaycan və Ermənistan arasında münaqişə regionun əsas problemlərindən biridir. Həll edilməmiş əsas məsələlərdən biri isə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş təxminən 4000 azərbaycanlının taleyidir. Rəsmi Bakı bu məsələni daim gündəmdə saxlayır və sülh danışıqlarında ön plana çıxarır. Bakı Bəyannaməsinin BMT-də rəsmi şəkildə dərc olunması itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi baxımından mühüm töhfə verə bilər və Ermənistanın bu istiqamətdə addımlarını sürətləndirə bilər”.

 

Siyasi şərhçi bildirib ki, davamlı sülh üçün cəmiyyətlər arasında etimad mühitinin formalaşdırılması vacibdir:

 

“Bu baxımdan 4000-ə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməsi mühüm şərtlərdən biridir və bu, ümumilikdə Cənubi Qafqazda sülh prosesinə müsbət təsir göstərəcək”.

 

Fatimə Hüseynli

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər