00:00:00
Yazar
Zəhra Həsənova
13.05.2026 21:32 24 4 dəq oxuma
Sosial

“Bakı Metropoliteni”nin sədri: Sərnişinlər vahid nəqliyyat şəbəkəsindən istifadə edəcəklər

“Bakı Metropoliteni”nin sədri: Sərnişinlər vahid nəqliyyat şəbəkəsindən istifadə edəcəklər

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin “BakuBus” və “Bakı Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətlərin ona qoşulması formasında yenidən təşkil edilməsi ölkəmizdə, xüsusilə də paytaxt Bakıda ictimai nəqliyyatın inkişafında keyfiyyətcə yeni bir mərhələnin başlanğıcıdır.

 

Mövzu ilə bağlı “İnformator.az” a sərnişin Minarə Məmmərova bildirib ki, Hələ ki, narazıyıq:

 

“Çünki xidmətlə qiymətlər arasında uyğunsuzluq var. Belə ki, gediş haqları çox bahadır. Nəzərə alsaq ki, elə ailələr var ki, həmin evdə üç-dörd nəfər nəqliyyatdan istifadə edir və bu da gün ərzində ailə büdcəsinə böyük ziyan vurur. Qiymətlər bir qədər aşağı olsa, məncə birləşdirmədə heç bir problem olmaz. Dediyim kimi, xidmətlə qiymət bir-birinə uyğun olsa, birləşdirmə yaxşı nəticə verər. Bəli, yeni sistemdə birləşmə məncə bizə uyğundur. Məncə mobil tətbiq daha yaxşı nəticə verib. Bankomatlar çox vaxt işləmir. BakıKart-ı doldurmaq üçün hər dayanacaqda bankomat olmadığına görə uzun məsafələr qət etmək məcburiyyətində qalırıq. Məncə, mobil tətbiq və ya kartla ödəmə sistemi bu yenilik üçün çox yaxşı və uğurlu nəticə verəcək”.

 

Məsələ ilə bağlı “İnformator.az” a sərnişin Günel Hətəmova bildirib ki, Mən avtobus, metro və taksilərin vahid sistemdə birləşməsini müsbət qiymətləndirirəm:

 

“Ən azından bu sistem avtobus və metroların  taksilər haqqında bunu deyə bilmərəm növbələşmə cədvəlinə müsbət təsir göstərəcək. Yəni məlum olacaq ki, hansı istiqamətlərdə avtobusların hərəkəti daha vacibdir. Metro isə hər yerə, xüsusilə də əhalinin daha sıx yaşadığı ərazilərə çatmır. Qiymətə təsir göstərəcəyinə isə inanmıram. Yəni qiymətin enəcəyini gözləmirəm. Əksinə, qiymətin artacağını düşünürəm. Çünki yeni bir sistem qurulanda adətən yeniliklə birlikdə qiymət artımı da olur. Mobil tətbiqin vahid sistem üzərindən işləməsi isə bir tərəfdən müsbət, digər tərəfdən mənfidir. Çünki elə insanlar var ki, mobil tətbiqlərdən istifadə edə bilmirlər. Amma müsbət tərəfi odur ki, mobil tətbiqdən istifadə edən insanlar artıq özləri ilə kart gəzdirmək və ya digər seçimlər arasında qalmaq məcburiyyətində olmayacaqlar. Yəni hər şey telefonda birləşdiyi üçün daha rahat olacaq”.

 

Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında AzMİU-nun "Nəqliyyat" fakültəsinin baş müəllimi, t.ü.f.d. Bulud Bağırov bildirib ki, Bakı Metropoliteni-nin tərkibinə BakuBus və Bakı Taksi Xidməti-nin qoşulması Bakıda vahid ictimai nəqliyyat idarəetmə modelinin formalaşdırılması istiqamətində mühüm addım hesab oluna bilər:

 

“Bu model bir çox inkişaf etmiş şəhərlərdə “inteqrə olunmuş nəqliyyat idarəetməsi” prinsipi kimi tətbiq edilir. Bu birləşmə ilk növbədə şəhər nəqliyyatının parçalanmış idarəetmə modelindən vahid koordinasiya sisteminə keçidi tələb edir ki, bu da ciddi struktur dəyişikliklərinə səbəb ola bilər. Belə ki, vahid idarəetmə mərkəzi yaradılmalı, metro, avtobus və taksi xidmətlərinin marşrutları, intervalları, sərnişin axını və əməliyyat məlumatları bir mərkəzdən idarə olunmalıdır. Bununla yanaşı, rəqəmsal inteqrasiya təmin edilməli, vahid mobil tətbiq və vahid ödəniş sistemi qurulmalıdır. Sərnişin bir kart və ya tətbiq vasitəsilə metro, avtobus və taksidən istifadə edə bilməlidir. Eyni zamanda sərnişin sıxlığı əsasında marşrut optimallaşdırılması aparan xüsusi nəqliyyat planlaşdırma və analitika mərkəzi yaradılmalı, süni intellekt və böyük verilənlərdən istifadə edilməlidir. Multimodal nəqliyyat modeli qurularaq metro stansiyaları avtobus və taksi şəbəkəsi ilə koordinasiyalı şəkildə əlaqələndirilməlidir. Bundan əlavə, “son kilometr” prinsipi tətbiq edilməlidir. Yəni sərnişin metrodan düşdükdən sonra rahat şəkildə avtobus və ya taksi vasitəsilə mənzil başına çata bilməlidir. Bu model düzgün tətbiq olunarsa, kifayət qədər effektiv ola bilər. Çünki əsas məqsəd şəxsi avtomobil istifadəsini azaltmaqdır. Nəticədə ictimai nəqliyyatın cəlbediciliyi artar, metro, avtobus və taksi arasında sürətli və rahat əlaqə yarandıqda insanlar şəxsi avtomobildən daha az istifadə edər. Vahid idarəetmə sistemi nəqliyyat axınının optimallaşdırılmasına imkan verər, taksi xidmətlərinin daha idarəli fəaliyyəti təmin olunar və taksilərin boş, məqsədsiz hərəkəti azaldılar. Eyni zamanda “Park & Ride” sistemi tətbiq edilərək şəhər girişlərində dayanacaqlar yaradılar və sərnişinlərin metro və avtobusa keçidi təşviq olunar. Lakin bu modelin effektivliyi bir sıra mühüm amillərdən asılı olacaq. İlk növbədə ictimai nəqliyyatın sürəti artırılmalı, avtobus zolaqları genişləndirilməli və parklanma siyasəti təkmilləşdirilməlidir. Bununla yanaşı, rəqəmsal idarəetmənin keyfiyyəti yüksəldilməli, sərnişin mədəniyyəti və xidmət keyfiyyəti inkişaf etdirilməlidir”.

 

Müsahibin sözlərinə görə, xüsusilə, taksi xidmətlərinin iştirakı tam sərbəst deyil, “idarə olunan bazar modeli” əsasında təşkil edilməlidir:

 

“Bu istiqamətdə sürücülər üçün vahid peşə standartları müəyyənləşdirilməli, avtomobillərə texniki və ekoloji tələblər tətbiq olunmalı, təhlükəsizlik və xidmət keyfiyyətinə ciddi nəzarət həyata keçirilməlidir. Rəqəmsal məlumat inteqrasiyası təmin edilməli, sosial əhəmiyyətli istiqamətlər üzrə dövlət dəstəyi mexanizmləri tətbiq oluna bilər. Taksi metro və avtobusa rəqib deyil, onları tamamlayan xidmət kimi fəaliyyət göstərməlidir. Xüsusilə, gecə saatlarında və ictimai nəqliyyatın zəif əhatə etdiyi ərazilərdə bu xidmətin rolu daha da artırıla bilər. Nəticə etibarilə, bu birləşmə Bakıda vahid nəqliyyat ekosistemi, ağıllı şəhər nəqliyyatı, rəqəmsal idarəetmə və multimodal daşınma sistemi yaratmaq üçün strateji imkan hesab oluna bilər. Uğurun əsas şərti isə yalnız qurumların birləşdirilməsi deyil, idarəetmənin müasir texnologiyalar və düzgün şəhər nəqliyyat siyasəti ilə dəstəklənməsidir”.

Selcan Xudiyeva

#istifadə #baki #nəqliyyat #vahid #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər