Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun protokolu təsdiqlənib
Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi üzrə yekun protokolun təsdiqlənməsi Orta Dəhlizin inkişafı baxımından mühüm mərhələ hesab olunur. Layihə çərçivəsində aparılan genişmiqyaslı yenidənqurma işləri nəticəsində xəttin yükdaşıma qabiliyyəti əhəmiyyətli dərəcədə artırılıb və BTQ marşrutunun Avropa ilə Asiya arasında daha sürətli və rəqabətli nəqliyyat bağlantısına çevrilməsi hədəflənir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Pərviz Mirzəyev bildirir ki, Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi Orta Dəhlizin yalnız iqtisadi deyil, həm də geosiyasi çəkisini artırır:
“Hazırkı qlobal şəraitdə dövlətlər alternativ və təhlükəsiz ticarət marşrutlarına üstünlük verir. BTQ xəttinin yenilənməsi Azərbaycanı Avropa ilə Asiya arasında strateji tranzit mərkəzi kimi daha da ön plana çıxarır. Bu layihə həm Türkiyə-Gürcüstan-Azərbaycan əməkdaşlığını gücləndirir, həm də regionda enerji və nəqliyyat təhlükəsizliyi baxımından yeni balans yaradır. Yükötürmə qabiliyyətinin artırılması Azərbaycanın tranzit potensialını ciddi şəkildə genişləndirə bilər. Bu, ölkəyə əlavə iqtisadi gəlirlər qazandırmaqla yanaşı, logistika və nəqliyyat sahəsində regional liderlik imkanlarını da artırır. Azərbaycan artıq yalnız enerji ixrac edən ölkə kimi deyil, həm də beynəlxalq ticarət axınlarını yönləndirən əsas nəqliyyat qovşağı kimi mövqeyini möhkəmləndirir. Xüsusilə, Çindən Avropaya daşımaların sürətlənməsi Bakı limanı və dəmir yolu infrastrukturu üçün əlavə strateji üstünlüklər yaradır. Çin–Mərkəzi Asiya–Avropa marşrutunda rəqabətin artmasına baxmayaraq, Bakı-Tbilisi-Qars layihəsinin perspektivləri kifayət qədər müsbətdir. Çünki hazırda beynəlxalq yükdaşımalarında əsas prioritetlərdən biri marşrutların təhlükəsizliyi və siyasi sabitliyidir. BTQ xətti bu baxımdan etibarlı alternativ kimi qəbul olunur. Eyni zamanda, layihənin modernləşdirilməsi tranzit müddətini azaltmaqla onun rəqabət qabiliyyətini artırır. Gələcəkdə Orta Dəhlizə marağın daha da yüksələcəyi və BTQ-nin Avrasiya logistikasında əsas xətlərdən birinə çevriləcəyi ehtimalı yüksəkdir”.
Ədilə Hüseynzadə