00:00:00
Yazar
Vüqar Alışov
09.04.2026 16:01 27 2 dəq oxuma
Siyasət

“Bakı və Astana arasında strateji yaxınlaşma yeni regional imkanlar yaradır”- POLİTOLOQ 
“Bakı və Astana arasında strateji yaxınlaşma yeni regional imkanlar yaradır”- POLİTOLOQ

Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər ardıcıl və dinamik inkişaf edərək regional əməkdaşlığın ən uğurlu nümunələrindən birinə çevrilib. İki qardaş ölkə arasında formalaşan siyasi dialoq, qarşılıqlı etimad və ortaq maraqlara əsaslanan tərəfdaşlıq əməkdaşlığın daha da genişlənməsi üçün zəmin yaradır. Xüsusilə dövlət rəhbərləri səviyyəsində keçirilən görüşlər, o cümlədən Prezident İlham Əliyev ilə Qazaxıstan nümayəndə heyəti arasında baş tutan müzakirələr bu əlaqələrin strateji xarakter daşıdığını bir daha təsdiqləyir. Mövcud münasibətlər yalnız cari əməkdaşlıqla məhdudlaşmır, eyni zamanda gələcəkdə daha geniş sahələri əhatə edəcək böyük potensiala malikdir.

 

Mövzu ilə bağlı “İnformator.az”a politoloq Züriyə Qarayeva bildirib ki, Azərbaycan və Qazaxıstan arasında münasibətlər artıq sadəcə ikitərəfli əməkdaşlıq səviyyəsini aşaraq regional inteqrasiyanın mühüm sütunlarından birinə çevrilməkdədir:

 

“Xüsusilə enerji və nəqliyyat sahələrində bu əməkdaşlıq yüksək potensiala malikdir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu- Orta Dəhliz çərçivəsində hər iki ölkənin oynadığı rol Çin-Avropa ticarət xəttində alternativ və təhlükəsiz marşrutun formalaşmasına xidmət edir. Bu isə həm Xəzər dənizi üzərindən logistikanın inkişafını sürətləndirir, həm də region dövlətlərinin tranzit gəlirlərini artırır. Bu istiqamətdə tərəfdaşlıq xüsusilə Avropanın alternativ enerji mənbələrinə çıxış axtarışı fonunda daha strateji xarakter alır".

 

Z.Qarayeva vurğulayıb ki, geosiyasi kontekstdə bu münasibətlər daha geniş çərçivədə qiymətləndirilməlidir:

 

 “Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq, eyni zamanda regional balans siyasətində koordinasiyanın güclənməsi Bakı ilə Astananın mövqelərini daha da yaxınlaşdırır. Artan qlobal rəqabət, xüsusilə Rusiya, Çin və Qərb arasında gedən geoiqtisadi mübarizə fonunda Azərbaycan-Qazaxıstan tandemi strateji körpü rolunu oynaya bilər. Bu əlaqələr həm də siyasi və təhlükəsizlik baxımından regionda sabitliyin qorunmasına xidmət edir, Orta Asiya ilə Cənubi Qafqaz arasında funksional inteqrasiyanın dərinləşməsini təmin edir”.

 

Mehriban Yariyeva

Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər