Bakı və Moskva əməkdaşlığın gələcəyini müzakirə edib- ŞƏRH
Azərbaycan və Rusiya arasında əməkdaşlığın yeni mərhələsi müzakirə olunub. Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev arasında keçirilən görüşdə iqtisadi və humanitar sahələr üzrə gələcək addımlar diqqət mərkəzində olub.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən iqtisadi ekspert Akif Nəsirli bildirib ki, Mixail Qaluzin və Rəhman Mustafayev arasında keçirilən görüş göstərir ki, tərəflər siyasi fon nə qədər dəyişkən olsa da, iqtisadi və humanitar əməkdaşlığı qorumaqda maraqlıdırlar:
“Son dövrlərdə regionda və beynəlxalq səviyyədə baş verən siyasi proseslər, xüsusilə də Rusiya üzərinə tətbiq olunan sanksiyalar və geosiyasi gərginliklər iqtisadi əlaqələrə həm risk, həm də yeni imkanlar yaradıb. Bir tərəfdən logistika və maliyyə sahəsində çətinliklər yarana bilər, digər tərəfdən isə Azərbaycan üçün tranzit və ticarət marşrutlarının əhəmiyyəti artır.Bu da qarşılıqlı ticarətin müəyyən sahələrdə genişlənməsinə səbəb ola bilər”.
Akif Nəsirlinin sözlərinə görə, belə təmaslar göstərir ki, iki ölkə də münasibətlərini yalnız siyasi müstəvidə deyil, praktiki iqtisadi maraqlar üzərində qurmağa çalışır:
“Xüsusilə nəqliyyat dəhlizləri, enerji, kənd təsərrüfatı və regional ticarət sahələrində əməkdaşlıq potensialı qalır. Görüşlərin özü birbaşa iqtisadi sıçrayış demək olmasa da, dialoqun davamı və konkret layihələrin müzakirəsi gələcəkdə iqtisadi inkişaf üçün zəmin yaradır. Yəni qısa müddətdə böyük dəyişiklik gözlənilməsə də, uzunmüddətli perspektivdə sabit əməkdaşlıq imkanları qorunur və müəyyən sahələrdə artım ehtimalı realdır”.
Nurgün Qənizadə