Bakıda 10 yeni metro stansiyası: Xırdalan və Sumqayıt istiqamətində nə dəyişəcək?
Xırdalan və Sumqayıt istiqamətində yeni metro xəttinin yaradılması nəzərdə tutulur. Bundan əlavə, paytaxtın metro infrastrukturunun genişləndirilməsi çərçivəsində 10 yeni metro xəttinin yaradılması planlaşdırılır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, yeni metro stansiyalarının inşası şəhər dayanıqlılığı, mobillik və mikromobillik vasitələrinin rolunun artırılması baxımından mühüm əhəmiyyət daşıyır:
“Dövlət Proqramına əsasən, Bakı şəhərində 10 yeni metro stansiyasının inşası nəzərdə tutulub. Növbəti 5 il ərzində tikilməsi planlaşdırılan bu stansiyalar şəhər dayanıqlılığına, mobilliyə və ümumilikdə ictimai nəqliyyat sisteminin fəaliyyətinə mühüm töhfə verəcək.
Aparılan təhlillər göstərir ki, hazırda şəhər istiqamətində əsas sərnişin axını Sumqayıt və Xırdalan istiqamətindən, yəni Bakı şəhərinin şimal hissəsindən gəlir. Bu istiqamətdə “Xocəsən” və “Avtovağzal” metro stansiyaları yerləşir. Bənövşəyi xətt Bakı Metropoliteninin texniki imkanları və infrastrukturu baxımından daha geniş potensiala malikdir. Bu xətt üzrə 7 vaqonlu qatarların hərəkəti mümkündür ki, bu da daha çox sərnişin daşımaq imkanı yaradır.
Bununla belə, hazırda Bakı Metropoliteninin ümumi sərnişin axınının cəmi 3 faizdən bir qədər çoxu bənövşəyi xəttin payına düşür. Bu isə həmin xəttin potensialından tam istifadə olunmadığını göstərir. Gələcəkdə bu göstəricinin artırılması metropolitenin imkanlarının genişlənməsinə, sərnişin sıxlığının azalmasına, eləcə də şəhərdə ictimai nəqliyyatın dayanıqlılığı və mobilliyinin gücləndirilməsinə mühüm təsir göstərəcək”.
Əlavə olaraq bildirilib ki, inşa olunacaq yeni stansiyalardan bir neçəsi keçid funksiyasını yerinə yetirəcək:
“Hazırda yalnız “Memar Əcəmi” stansiyası bənövşəyi və yaşıl xətlər arasında keçid imkanı yaradır. Keçid stansiyalarının əsas üstünlüyü sərnişinlərə bir xətdən digərinə rahat keçərək şəhərin müxtəlif istiqamətlərinə daha qısa müddətdə hərəkət etməyə imkan verməsidir. Konseptual inkişaf sxeminə əsasən, “Sahil” stansiyası yaxınlığında yaradılacaq yeni keçid bənövşəyi xətlə qırmızı xətt arasında da birbaşa əlaqəni təmin edəcək.
Nəticədə, 10 yeni stansiyanın inşası və xətlərin ayrılması layihəsinin tamamlanmasından sonra Bakı Metropoliteninə daxil olan sərnişin yalnız bir keçid etməklə metro şəbəkəsinin istənilən istiqamətinə rahat şəkildə hərəkət edə biləcək.
Məsələn, Sumqayıtdan gələn bir sərnişin 8-ci mikrorayon bazarı və ya Əhmədli istiqamətinə getmək istədikdə, marşrutundan asılı olaraq “Avtovağzal” və ya “Xocəsən” stansiyalarından metroya daxil olacaq. Daha sonra bənövşəyi xətt üzrə hərəkət edərək keçid stansiyası vasitəsilə “Sahil” istiqamətinə keçəcək və oradan Əhmədli istiqamətində səfərini rahat şəkildə davam etdirə biləcək. Bu yanaşma sərnişinlərə maksimum rahatlıq yaratmaqla yanaşı, yolda sərf olunan vaxta qənaət etməyə, tıxaclardan yayınmağa və səfərlərin daha səmərəli təşkilinə imkan verəcək.
Qeyd olunan yeniliklər Sumqayıt, Xırdalan, Masazır, eləcə də Bakı-Şamaxı yolu üzərində yerləşən kənd və qəsəbələrdə yaşayan sakinlərin şəhər mərkəzinə və metro şəbəkəsinin əhatə etdiyi digər istiqamətlərə daha rahat çıxışını təmin edəcək.
Dünya metro sistemlərində keçid stansiyalarının əsas funksiyası sərnişinlərin marşrutlarını uzatmadan, ən qısa və rahat şəkildə mənzil başına çatmasını təmin etməkdir. Bu baxımdan, Nizami stansiyası yaxınlığında yaşıl və bənövşəyi xətlər arasında, Sahil stansiyası yaxınlığında qırmızı və bənövşəyi xətlər arasında, həmçinin Xətai stansiyası yaxınlığında yaşıl və bənövşəyi xətlər arasında yaradılacaq keçidlər xüsusi əhəmiyyət daşıyır. Bu keçidlər sərnişinlərə yeraltı nəqliyyat şəbəkəsində marşrutlarını daha rahat planlaşdırmağa və alternativ istiqamətlərdən istifadə etməyə şərait yaradacaq.
Bundan əlavə, xətlərin ayrılması layihəsi tam başa çatdıqdan sonra “28 May” və “Cəfər Cabbarlı” stansiyaları vasitəsilə yaşıl və qırmızı xətlər arasında birbaşa əlaqə tam təmin olunacaq.
Bütün bunlar paytaxtda şəhər dayanıqlılığının möhkəmləndirilməsinə, mobilliyin artırılmasına və ictimai nəqliyyatın daha səmərəli təşkilinə əsaslı töhfə verəcək. Eyni zamanda, bu dəyişikliklər avtobus marşrutlarının daha effektiv fəaliyyətinə, gələcəkdə tramvay şəbəkəsinin inkişafına və taksilərdən istifadənin daha optimal şəkildə təşkilinə də əlverişli şərait yaradacaq”.
Nəqliyyat eksperti Eldəniz Cəfərov isə bildirib ki, hazırda Sumqayıt və Xırdalan istiqamətində sürətli dəmir yolu qatarları fəaliyyət göstərir:
“Bununla yanaşı, metro xəttinin həmin istiqamətlərə qədər genişləndirilməsi bu ərazilərdə yaşayan insanların gediş-gəlişini daha da rahatlaşdıra bilər. Belə bir layihənin həyata keçirilməsi Bakı və ətraf ərazilərdə nəqliyyat sisteminin inkişafı və inteqrasiyasının təkmilləşdirilməsinə mühüm təkan verə bilər”.
Bakı sakini Fidan Tağıyeva bildirib ki, hazırda tıxaclara görə yolda çox vaxt itiririk:
“Yeni metro stansiyaları istifadəyə verilərsə, həm şəhərdaxili hərəkət asanlaşar, həm də işə və universitetə gedib-gəlmək daha rahat olar”.
Səadət Əlizadə