Bakıda Azərbaycan–İordaniya Hökumətlərarası Komissiyasının IV iclası keçirilib
Bakıda Azərbaycan və İordaniya arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclası baş tutub. İclasdan əvvəl nümayəndə heyətləri Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət ediblər. Komissiyanın həmsədrləri - Azərbaycanın maliyyə naziri Sahil Babayev və İordaniyanın sənaye və ticarət naziri Yarub Qudah ikitərəfli əməkdaşlığın genişləndirilməsi, ticarət və investisiya imkanları barədə müzakirələr aparıblar. İclas çərçivəsində yeni sazişlərin imzalanacağı gözlənilir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki, Zəngəzur dəhlizinin açılması təkcə Cənubi Qafqaz regionu üçün deyil, ümumilikdə daha geniş coğrafi və siyasi çərçivədə qlobal əhəmiyyət daşıyan bir layihədir:
"Bu layihə, şübhəsiz ki, bir çox dövlətlər üçün müəyyən mərhələlərdə iqtisadi və siyasi dividendlər vəd edir. Lakin qeyd etmək lazımdır ki, Zəngəzur dəhlizinin açılmasının birbaşa İordaniya ilə əlaqəsi yoxdur. Bu səbəbdən də Azərbaycan-İordaniya münasibətlərinin inkişafının bu dəhlizdən asılı olduğunu düşünmək doğru olmaz. Bununla belə, dolayısı ilə iqtisadi əməkdaşlıq imkanlarının genişlənməsi fonunda İordaniya müəyyən dividendlər əldə edə bilər və bu da iki ölkə arasındakı münasibətlərə müsbət təsir göstərə bilər.
Azərbaycanın beynəlxalq siyasətdə əsas xüsusiyyəti onun balanslı xarici siyasət yürütməsidir. Azərbaycan həm kollektiv Qərb, həm də kollektiv Şərq ölkələri ilə münasibətlərini paralel şəkildə qoruyub saxlayır və inkişaf etdirir. Bu baxımdan, İordaniya ilə də münasibətlərin inkişaf etdirilməsi istisna deyil. Azərbaycan bütün dövlətlərlə, o cümlədən İordaniya ilə münasibətlərin inkişafında maraqlıdır və bu prosesdən hər iki tərəf faydalana bilər".
Aişə Mustafayeva
