00:00:00
Yazar
Admin User
26.11.2025 18:38 215 3 dəq oxuma
Siyasət

Bakıda MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclası keçirilib

Bakıda MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclası keçirilib

Bakıda MDB ölkələrinin Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclası başlayıb. Tədbirdə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Gürcüstan, İran, Ermənistan və digər ölkələrin dəmiryol administrasiyaları iştirak edir. İclasda yükdaşıma qatarları, nəqliyyat dəhlizləri və 2026-cı il tarifləri müzakirə olunur.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, Azərbaycanın coğrafi və strateji mövqeyi, eyni zamanda həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinin ölkə ərazisindən keçməsi ölkənin əhəmiyyətini getdikcə artırır:

 

"Bundan əlavə, bölgədəki qonşu ölkələrin həm şimalda, həm də cənubda sanksiyalara məruz qalması Azərbaycan üzərindən keçən yolların regional və qlobal əhəmiyyətini daha da artırır. Beləliklə, ölkənin və ümumilikdə Cənubi Qafqazın geosiyasi əhəmiyyəti dünya xəritəsində yüksəlir. Son illərdə dəmir yolu sektorunda həyata keçirilən layihələr Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminə müsbət təsir göstərib. Strateji qərarlar bu daşımaları həm daha sərfəli, həm də daha effektiv edib. Əsas görülən işlər: Şərq-Qərb dəhlizi üzrə Bakıdan Böyük Asiyaya uzanan dəmir yolu yenidən qurulub və elektrik cərəyanı sistemində dəyişiklik edilib. Bu dəyişiklik 20%-ə qədər daha ucuz daşınma imkanı yaradır. İşğaldan azad olunan ərazilərdə Horadiz-Ağbənd dəmir yolunun tikintisi demək olar ki, tamamlanıb. 2026-cı ilin ikinci rübündə istifadəyə verilməsi planlaşdırılır. Ələtdən Horadizə qədər dəmir yolunun əsaslı təkmilləşdirilməsi isə 2028-ci ildə tamamlanmalıdır. Şimal-Cənub dəhlizi üzrə Sumqayıt-Yalama dəmir yolunun 2025-ci ildə istifadəyə verilməsi gözlənilir. Elektrik sisteminin təkmilləşdirilməsi və Yalama stansiyalarının tikintisi bu layihəyə daxildir. Ələt-Osmanlı-Astara dəmir yolunun əsaslı təmiri də davam edir və 2028-ci ilədək buradan daşınma gücünün 5 milyon tona çatdırılması nəzərdə tutulur. Bu layihələr sayəsində Azərbaycanın həm şərq, həm qərb, həm şimal, həm də cənub hissəsində tranzit və logistik imkanlar genişlənməkdədir. Hədəf – tranzit vaxtını azaltmaq, keçid imkanlarını sürətləndirmək və ölkənin tranzit potensialını artırmaqdır.

 

Ələt Azad İqtisadi Zonası bu baxımdan önəmlidir. Burada:

1.Avtomobil və dəmir yolunun kəsişməsi;

2.Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yerləşməsi;

3.Yeni kargo terminalının istifadəyə verilməsi Azad iqtisadi zonanın fəaliyyəti rezidentlər üçün əlverişli mühit yaradır və ölkə iqtisadiyyatına əlavə dəyər qatır, yeni iş yerləri açılır.

Həmçinin digər regionlarda logistika mərkəzlərinin yaradılması da iqtisadi və strateji baxımdan mühüm nəticələr verəcək.

 

MDB Dəmir Yolu Şurasının vahid tarifin müəyyən olunması ümumi dəhlizlər üzrə daşımalara təsir edir. Bu, istər Şimal–Cənub, istərsə də Şərq–Qərb dəhlizi üçün keçərlidir. Çünki bu dəhlizlərə daxil olan ölkələrin əksəriyyəti MDB Dəmir Yolu Şurasına daxildir. Nəticədə, vahid tarif siyasətinin formalaşması iqtisadi baxımdan müsbət təsir göstərir və beynəlxalq yükdaşımalarda koordinasiyanı gücləndirir. Regional layihələr, ümum olaraq, hər ölkənin öz “ev tapşırığı” var və bu layihələr icra olunduqca, həmin dəhlizlərin cəlbediciliyinə birbaşa təsir edəcək – sürətinə, malın çatdırılma yükünə, transit vaxtının qısalığına. Bu isə öz-özlüyündə həmin marşrutun cəlbediciliyinə, yük dövriyyəsinin artmasına, həm tranzit gəlirlərinin, həm də ümumi gəlirlərin artmasına zəmin yaradacaq. Tıxaclar ümumilikdə şəhər iqtisadiyyatına mənfi təsir göstərir və bu, böyük şəhərlərdə normal qarşılanan hal olsa da, ciddi alternativlər formalaşdırılmalıdır. Bu alternativlər təkcə avtomobil yollarının genişləndirilməsi ilə məhdudlaşmamalıdır. Şəhər daxilinə girmədən istifadə edilə bilən dairəvi və sürətli yollar təşkil olunmalı, eyni zamanda daha çox insanın mobilliyini və yük daşınmasını təmin edən ictimai nəqliyyat vasitələri inkişaf etdirilməlidir.

 

Bu nəqliyyat növləri müxtəlif olmalı, məsafəyə uyğun planlaşdırılmalı, əlçatan, iqtisadi cəhətdən səmərəli və maliyyə dayanıqlığı olan sistemlər olmalıdır. Əsas yük isə ictimai nəqliyyatın üzərinə düşməlidir. Bu baxımdan, şəhər ətrafı dəmir yolu xətləri, metro və tramvay kimi nəqliyyat vasitələrinə daha çox investisiya qoyulmalıdır. Logistika sahəsində isə şəhərin müxtəlif nöqtələrində logistik mərkəzlər yaradılmalı, qısa məsafəli yükdaşıma və çatdırılma xidmətləri təkmilləşdirilməlidir. Beləliklə, insanlar ehtiyac duyduqları məhsulları almaq üçün avtomobildən istifadə etmək məcburiyyətində qalmaz, əksinə sifarişlərini evlərinə çatdırmaq imkanı əldə edərlər. Eyni zamanda, ictimai nəqliyyatın inkişafı ilə insanlar gündəlik ehtiyaclarını da rahat şəkildə bu nəqliyyat növləri ilə qarşılaya bilərlər".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər