Baş nazir Əli Əsədov MDB toplantısında iştirak etmək üçün Türkmənistana səfər edib
Əli Əsədov mayın 21-də MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək məqsədilə Turkmenistana işgüzar səfərə yola düşüb.
Məlumata görə, Baş nazirin təyyarəsi Ashgabat Beynəlxalq Aeroportunda qarşılanıb. Azərbaycan nümayəndə heyətini Türkmənistanın maliyyə və iqtisadiyyat naziri Mammetqulı Astanaqulov və digər rəsmi şəxslər qarşılayıblar.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, MDB ölkələrinin arasında əməkdaşlığın hələlik yeni istiqamətləri özünü göstərmir:
"Bu o deməkdir ki, MDB ölkələri arasında, hökümətləri arasında əməkdaşlıq daha çox indiyə qədər seçilən və icrası gedən istiqamətlərin davamı formasında özünü göstərəcək. MDB ölkələri hökümətlərin arasında əməkdaşlığın genişləndirilməsi üçün təbii imkanlar var. Amma açıq demək lazımdır ki, ötən dövrdə bəzi siyasi müstəvidə baş verən hadisələr MDB ölkələri arasında hökümətlərarası əməkdaşlıq prosesinin dərinləşməsində müəyyən fasilə yaradıb. Hazırda, bu fasilənin yavaş-yavaş ortadan qatdığını görürük və növbəti mərhələdə MDB hökumətlərinin əsas diqqəti, yəqin ki, siyasi proseslərin hökümətlərarası iqtisadi, sosial, humanitar və mədəni əlaqələrə təsirinin güclənməsinin qarşısını almaq cəhdindən ibarət olacaq. Hələlik söyləmək çətindir ki, müəyyən siyasi proseslərin MDB ölkələri arasında sosial-iqtisadi münasibətlərə təsirini tam şəkildə neytrallaşdırmaq mümkün olacaq ya olmayacaq. Burada, əlbəttə, birinci növbədə Rusiyadan daha çox şey asılıdır. Çünki MDB-nin əsas aparıcı qüvvəsi olan Rusiyanın müəyyən addımları MDB hökumətləri arasında münasibətlərin də şaxələnməsinə və dərinləşməsinə, təəssüf ki, müəyyən hallarda mane törədə bilir. Amma bütün hallarda MDB ölkələri arasında dialoq vacibdir, zəruridir. Çünki ən azı bu ölkələri bir-biriyə müəyyən Humanitar aspektlər xeyli dərəcədə bağlayır. Ən azı, bu humanitar aspektin qorunub saxlanması daminə MDB ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsinə ciddi ehtiyac var. Azərbaycanla Türkmənistanın arasında münasibətlər hələlik o qədər çox şaxəli deyil. Ən azı onu deyək ki, Türkmənistan Azərbaycanın aparıcı rollardan birini oynadığı Türk dövlətləri təşkilatının hələlik tam fəal və rəsmi üzvünə çevrilməyib. Hansı ki, buna çox ciddi ehtiyac var. Azərbaycan daha çoxşaxəli aktiv xarici siyasət, regional əməkdaşlıq siyasəti aparmağa meyilli ölkə olduğu halda Türkmənistan indiyə qədər əsasən özünü təcrid taktikasına üstünlük verib. Amma son vaxtlar Türkmənistanın özünü təcrid vəziyyətdən sürətlə uzaqlaşmaq cəhdinin şahidi oluruq. Bu istiqamətdə onun bölgədə ən yaxın partnyoru təbii ki Azərbaycandır. Azərbaycan olacaq. Amma Türkmənistan rəhbərliyinin Azərbaycanın bu potensial rolunu nə dərəcədə görüb-görmədiyini biz söyləyə bilmərik. Bunu Türkmənistan hakimiyyəti özü nümayiş etdirməlidir ki, bölgədə Azərbaycanı həqiqətən özünün əməkdaşlıq istiqamətinin ən geniş potensialına malik ölkəsi kimi görür ya görmür. Yaxşı haldır ki, Türkmənistanla Azərbaycanın arasında bəzi anlaşılmazlıqlar keçmişdə qalıb. Hətta münaqişəli vəziyyətlər artıq keçmişdə qalıb və qabaqda iki ölkənin əməkdaşlığının yeni imkanları var. Xüsusilə də, Trans-Xəzər nəqliyyat dəhlizinin gücləndirilməsində Türkmənistanın və Azərbaycanın imkanlarının birləşdirilməsi çox vacibdir. Hansı ki, bu yöndə Azərbaycanın Qazaxıstanla çox böyük əməkdaşlığı var və Türkmənistan da bunu bir nümunə kimi göstərə bilər. Eləcə də Rusiyanın ərazisindən, Rusiyanın üzərindən özünün enerjisinin, yanacağının ixracı məsələsində müəyyən çətinliklərlə üzləşən Türkmənistanın bu nöqteyi-nəzərdən Azərbaycanın imkanlarından bəhrələnməsi çox əhəmiyyətli olar. Türkmən qazının Svop qaydasında Azərbaycan üzərindən müxtəlif Avropa ölkələrinin nəqli də çox ciddi bir perspektivdir. Amma bu perspektivin gerçəkləşməsi üçün də bu gün Türkmənistandan qat-qat artıq fəallıq və təşəbbüskarlıq tələb olunur. Türkmənistan hökuməti bu gözləntini həyata keçirəcək, keçirməyəcəksə, bunu gələcək göstərəcək. Amma Türkmənistanla Azərbaycanın arasında enerji nəqliyyatı sahəsi orta dəhlizin inkişaf etdirilməsi, investisiyaların qoyulması kimi məsələlərdə geniş əməkdaşlıq imkanları var. MDB çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsinin isə yalnız müsbət perspektivlərindən danışmaq olar. Çünki bu ölkələr uzun illər iqtisadi cəhətdən ən azı bir-birinə bağlı ölkələr olublar. Bu əlaqələrin hələlik istifadə olunmamış potensialları var. Ona görə də MDB ölkələrinin arasında əməkdaşlığın genişləndirilməsi üçün səylər kompleks və sistemli olmalıdır. Hər kəs buna çalışmalıdır. Bu təkcə Azərbaycanın üstündə olan fəallaşma öhdəliyi kimi qəbul olunmamalıdır. Əksinə bu cəhətdən Azərbaycandan digər MDB ölkələrinin nümunə götürməsi daha məsləhət, daha perspektivli olar. Çünki Azərbaycan həm MDB ölkələrinin iqtisadi potensialından istifadə, iqtisadi potensiallarının əlaqələndirilməsinə xüsusi diqqət edir. Həm də paralel olaraq buna ziddiyyət təşkil etmədən xarici, iqtisadi və ticarət əlaqələrinin şaxələndirilməsinə də xüsusi önəm verir. Beləliklə, Azərbaycanın MDB-dəki siyasətinə unikal bir balanslı siyasət kimi baxmaq lazımdır. Həm MDB ölkələri ilə ticarət, iqtisadi, investisiya, siyas sətinin gücləndirilməsi, həm də başqa geosiyasi istiqamətlərdə xarici iqtisadi fəaliyyətin artırılması. Bu Azərbaycanın MDB çərçivəsində xarici iqtisadi ticarət fəaliyyəti nöqteyi-nəzərindən, fikrimcə, unikal bir kəşfidir".
Aişə Mustafayeva