Baş prokuror Kamran Əliyev Qətərə səfər edib
Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 14-də Qətər Dövlətinin paytaxtı Doha şəhərinə rəsmi səfər edib. Səfər çərçivəsində Baş prokuror qlobal korrupsiyaya qarşı mükəmməllik mükafatının təqdimat mərasiminə qatılıb. Tədbirdə Qətər Dövlətinin əmiri, BMT və digər ölkələrin yüksək səviyyəli rəsmiləri iştirak edib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki, ümumilikdə, Azərbaycanla Qətər arasında çoxşaxəli əməkdaşlıq mövcuddur və bu əməkdaşlıq təkcə ikitərəfli çərçivədə deyil, həm də İslam Əməkdaşlıq Təşkilatı daxilində uğurla inkişaf etməkdədir:
"Hər iki ölkə İslam dövlətləri olaraq həm birbaşa münasibətlərini möhkəmləndirir, həm də beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyət göstərirlər. Bu əlaqələr müxtəlif sahələri əhatə edir, o cümlədən, korrupsiyaya qarşı mübarizə sahəsini də. Bu sahədə birgə əməkdaşlığın region üçün hansısa siyasi mesaj daşıdığını düşünmürəm, çünki bu, daha çox inzibati-hüquqi və texniki əməkdaşlıq çərçivəsində dəyərləndirilə bilər, nəinki təhlükəsizlik və ya hərbi-strateji əməkdaşlıq kimi.
Qeyd etmək lazımdır ki, Azərbaycan artıq uzun illərdir müxtəlif beynəlxalq platformalarda fəal iştirak edir. Azərbaycan rəsmiləri beynəlxalq tədbirlərdə çıxış edirlər, ölkəmiz müxtəlif beynəlxalq təşəbbüslərdə yer almaqdadır. Məsələn, Azərbaycan Baş prokuroru Kamran Əliyevin BMT kursundan çıxışı ölkəmizin beynəlxalq arenadakı nüfuzunu və fəallığını bir daha nümayiş etdirir.
Bu cür qarşılıqlı səfərlər, təmaslar və texniki əməkdaşlıqlar hər iki ölkənin maraqlarına xidmət edir və ikitərəfli münasibətlərdə mövcud olan müsbət dinamikanın qorunub saxlanmasına ciddi töhfə verir. Bu həm də Azərbaycanın beynəlxalq hüquqi sistemlə daha sıx inteqrasiyasına, şəffaflıq və idarəetmə sahəsində təcrübə mübadiləsinə imkan yaradır".
Aişə Mustafayeva
