00:00:00
Yazar
Admin User
09.09.2025 17:12 163 2 dəq oxuma
Siyasət

Bayrou hökumətinin gedişi Fransada qeyri-sabitlik yaradıb

Bayrou hökumətinin gedişi Fransada qeyri-sabitlik yaradıb

Fransada yaşanan siyasi böhran ölkənin siyasi və iqtisadi mövqeyinə istisnasız olaraq təsir göstərə biləcək mühüm hadisə kimi qiymətləndirilir. Baş nazir François Bayrou-nun parlamentdə etimad səsverməsində məğlub olması təkcə ölkə daxilində deyil, Avropa İttifaqı çərçivəsində də ciddi müzakirələrə səbəb olub.

 

Mövzu ilə bağlı Aytən Qurbanova "İnformator.az"a açıqlamasında bildirib ki, bu böhran yalnız Fransa üçün deyil, bütövlükdə Avropa İttifaqı üçün də əhəmiyyətli nəticələr doğura bilər:

"Etimadsızlıq səsverməsinə səbəb olan əsas amillər Bayrou hökumətinin büdcə kəsirlərinin azaldılması və sosial sahədə həyata keçirdiyi islahatlarla bağlı müxtəlif fraksiyalar arasında yaranan dərin fikir ayrılıqlarıdır. Bu ziddiyyətlər nəticəsində Fransada siyasi güc balansı yenidən formalaşıb və hökumətin mövqeyi zəifləyib. Hakimiyyətlə müxalifət arasındakı gərginlik maksimum həddə çataraq siyasi sabitliyi daha da sarsıdıb.

Belə vəziyyət investisiya mühitinə mənfi təsir göstərərək iqtisadi inkişafın zəifləməsinə yol aça bilər. Fransanın Avrozonadakı lider mövqeyi də risk altına düşür. Qeyri-müəyyənlik regional iqtisadi inteqrasiyanı zəiflədə, maliyyə bazarlarında etimadsızlıq yaradaraq ümumi stabillik üçün təhlükə formalaşdıra bilər. Hazırkı şəraitdə ölkənin növbəti addımları əsas müzakirə mövzusudur. Yeni hökumətin qurulması daha real və praktik həll yolu ola bilər. Parlament daxilində kompromisin əldə olunması sabitliyin daha sürətli bərpasına, mövcud siyasətin müəyyən dərəcədə davam etdirilməsinə və iqtisadi islahatların mərhələli şəkildə həyata keçirilməsinə imkan verər. Lakin parlamentdəki parçalanma və dərin fikir ayrılıqları bu prosesin asan olmayacağını göstərir".

 

Son olaraq politoloq qeyd edib ki, "Erkən seçkilərin keçirilməsi isə siyasi sistemin yenilənməsi baxımından mühüm fürsət sayılsa da, qısa müddətdə sosial gərginliyi daha da artırmaq və qeyri-müəyyənliyi dərinləşdirmək riskini də daşıyır. Buna görə də, qarşıdakı dövrdə atılacaq addımlar həm Fransanın daxili siyasi həyatını, həm də Avrozonada iqtisadi sabitliyi birbaşa müəyyən edəcək".

 

Sura Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər