“Belarus rəhbərliyi istəsə də, Moskvanın istəklərinin ziddinə gedə bilməz”
Ötən həftə Litva Belarusdan sərhədlərin tənzimlənməsi ilə bağlı siyasi məsləhətləşmələrin aparılmasının zəruriliyi ilə bağlı rəsmi nota alıb.
Mövzu ilə bağlı siyasi şərhçi Xaqani Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiyanın vassalına çevrilən Belarus Putinin Avropaya qarşı hibrid müharibəsində əsas iştirakçılardan biridir:
“Belarus üzərindən Avropaya miqrant axını təşkil etmək, Belarusda Rusiyanın nüvə başlıqlarını yerləşdirmək hibrid müharibənin elementləridir. Ən son olaraq Litvaya sərhədlərin tənzimlənməsi ilə bağlı siyasi məsləhətləşmələrin aparılmasının zəruriliyi ilə bağlı nota verib. Belarus rəhbərliyi istəsə belə, Moskvanın istəklərinin ziddinə gedə bilməz. Belarus Prezidenti Aleksandr Lukaşenko 2020-ci il Prezident seçkilərindən sonra tamamilə Moskvadan asılı vəziyyətə düşüb. Litvaya qarşı gərginliyi artırmaqla Lukaşenko Putinin göstərişlərini yerinə yetirir. Belarus ilə Litva və bütövlükdə Avropa ölkələri arasında münasibətlər çox pisdir və son hadisə münasibətləri daha gərginləşdirir. NATO və Avropa İttifaqı Belarusun siyasi oyunbazlığını səbrlə izləyir, çünki bu hərəkətlərin arxasında Moskvanın dayandığını yaxşı bilirlər”.
Aytac İbrahimova
