“Belarusun NATO-ya qarşı cəbhə alacağı ehtimalı möhkəmlənir”
Belarus Prezidenti Aleksandr Lukaşenko NATO-nun Rusiya və ya Belarus təyyarələrini vurmaq planları ilə bağlı açıqlamalarına münasibət bildirib.
Mövzü ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a bildirib ki, bu açıqlama onu deməyə əsas verir ki, artıq Rusiya–NATO qarşıdurması başlayarsa, Belarus da Rusiya tərəfdən bu münaqişəyə qoşula bilər:
“Təbii ki, bu açıqlama NATO-nun müdafiə imkanlarının artırılmasına mane olmayacaq. Əksinə, artıq belə bir fikir formalaşacaq ki, burada Belarus da iştirak edə bilər. Belarus sərhədlərinin də möhkəmləndirilməsi istiqamətində yəqin ki, diqqət yetiriləcəkdir. Onsuz da məlum idi ki, Belarus Rusiyanın yanında ola bilər, amma indi artıq bir mənalı olaraq Belarusun NATO-ya qarşı cəbhə alacağı ehtimalı möhkəmlənir. Təbii ki, bütün bu baş verənlər əslində NATO–Rusiya qarşıdurmasının daha böyük bir çevrə təşkil edəcəyini göstərir, həm də NATO–Rusiya–Belarus qarşıdurmasını gerçəkləşdirir. Bu baxımdan məncə NATO qüvvələri daha da güclənəcək, daha ciddi hazırlıq içində olacaqdır. Münaqişənin baş verib-verməyəcəyini demək bir qədər çətindir, amma böyük ehtimalla tərəflər hər gün bir qədər də qarşıdurmaya yaxınlaşır. İlkin olaraq Rusiya bu addımları atırdısa, indi artıq NATO da sanki bir fürsət qazanır ki, Rusiyayla qarşıdurmaya başlasın. Təyyarələrin vurulması barədə xəbərdarlıq isə anlaşılan bir haldır. Amma eyni zamanda bu, münasibətlərin gərginləşməsi, eskalasiyanın artması anlamına gəlir və bütün hallarda düşünürəm ki, tərəflər daha ciddi hazırlıq içindədirlər. Bu, yalnız bir başlanğıcdır və NATO-nun daha ciddi, daha qapsamlı, genişmiqyaslı hazırlıqlara başlamasını şərtləndirəcək”.
Nurgül Yusifov
