Belçika NATO-nun 4-cü maddəsini tətbiq edə bilər
Belçika hərbi bazaları üzərində naməlum PUA-ların uçuşları səbəbilə NATO-nun 4-cü maddəsini işə salmağı planlaşdırır. Müdafiə naziri Teo Franken bildirib ki, bu, sadəcə həvəskar aparatlarla bağlı deyil və təhlükə realdır. O, sürətli reaksiya zərurətini vurğulayıb. Maddəyə əsasən, NATO üzvləri təhlükəsizlik narahatlıqlarını Şuraya təqdim edə bilərlər.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında qeyd edib ki, hazırda Avropada bir xof yaşanır, ciddi narahatlıq mövcuddur. Belçikanın hərəkətləri bu narahatlığa, xofa örnəkdir:
“Avropa dövlətləri Rusiyanın hərbi müdaxilə ehtimalından ciddi şəkildə narahatdırlar və hətta tamamilə inanırlar. Ona görə də Avropa dövlətləri hərbi təhlükəsizlik üçün addımlar atıblar və son vaxtlar bu addımları artırıblar. Yeni silah-sursat, hərbi texnika almağa başlayıblar, eyni zamanda orduların say tərkibini də artırmağa çalışırlar. Yəni bütün bunlar göstərir ki, Avropada bir Rusiya xofu mövcuddur və bu xofdan çıxmaq üçün özünü müdafiə sistemini gücləndirmək istiqamətində olduqca ciddi addımlar atırlar. Böyük qitə hazırda Rusiyadan müdafiə olunmaq üçün bütün imkanlarını səfərbər edib. Təbii ki, bu, beynəlxalq məkanda cərəyan edən proseslərə, o cümlədən Rusiya ilə münasibətlərə də birbaşa təsir edə biləcək bir prosesdir. Böyük ehtimalla bundan sonrakı mərhələdə Rusiya ilə Avropa dövlətlərinin münasibətlərində inamsızlıq və qarşıdurma mühiti həmişə ön planda olacaq”.
Mələk Hüseynova
