“Belçikanın əsas narahatlığı tək ölkənin üzərinə düşən məsuliyyətdir”
Belçika hökuməti Rusiyaya məxsus dondurulmuş aktivlərin müsadirəsi ilə bağlı təklifləri qəbul etməyib. Bu qərar Avropa İttifaqında geniş müzakirələrə səbəb olub və Aİ üzv dövlətləri arasında fikir ayrılıqlarını gündəmə gətirib.
Mövzu ilə bağlı politoloq Ramiyə Məmmədova “İnformator.az”a açıqlamasında bildirib ki, Ukrayna-Rusiya müharibəsi ilə əlaqədar Avropa Birliyi uzun müddətdir Rusiyaya qarşı sanksiyalar və aktivlərin dondurulması məsələsini müzakirə edir:
“Lakin üzv dövlətlər arasında bu məsələdə ciddi fikir ayrılıqları mövcuddur. Belçika hökuməti imtina qərarını qəbul edərkən yalnız milli maraqlarını deyil, həm də Avropa Birliyi daxilindəki ümumi razılaşmaların olmamasını nəzərə alıb. Belçikanın əsas narahatlığı tək ölkənin üzərinə düşən məsuliyyətdir. Rusiya aktivlərinin müsadirəsi yalnız bir ölkə vasitəsi ilə həyata keçirilərsə, bunun nəticələri Avropa Birliyi üçün ciddi ola bilər. Rusiyanın dövlət başçıları və digər rəhbərləri dəfələrlə bildirib ki, aktivlərin müsadirəsi Aİ ilə münasibətlərdə problemlər yarada bilər. Hazırda Avropada təxminən 170 milyard avro dəyərində Rusiyaya məxsus aktiv dondurulub. Bu aktivlərin müsadirəsi və Ukraynaya yönləndirilməsi yalnız ümumi razılıq əsasında həyata keçirilə bilər. Belçika hesab edir ki, tək ölkə tərəfindən bu addım həm diplomatik, həm də iqtisadi baxımdan risklidir və digər Aİ üzv dövlətləri ilə koordinasiyanın vacibliyi önəmlidir. Avropa Birliyi daxilində liderlər arasında fikir ayrılığı mövcuddur. Fransa prezidenti Emmanuel Makron və bəzi digər ölkələrin rəhbərləri Rusiyanın aktivlərinin müsadirəsi və Ukraynaya yönləndirilməsinə ehtiyatla yanaşırlar. Bu yalnız sanksiyaların genişləndirilməsi deyil, həm də Avropa iqtisadi və diplomatik maraqlarına birbaşa təsir edən addımdır”.
Politoloq əlavə edib ki, Rusiyanın gələcəkdə aktivləri satmaq və ya digər ölkələr vasitəsilə geri qaytarmaq potensialı mövcuddur:
“Bu isə məsələnin mürəkkəbliyini artırır və Avropa ölkələrinin qərarlarının strateji nəticələrini daha da önəmli edir. Belçika hökuməti yalnız milli maraqları nəzərə alaraq deyil, həm də Avropa Birliyində birgə məsuliyyət və razılaşma olmadan bu addımı atmağın yaratacağı diplomatik və iqtisadi riskləri qiymətləndirərək qərar verib. Bu qərar Aİ daxilində Rusiya aktivlərinin müsadirəsi ilə bağlı müzakirələrin davam edəcəyini göstərir və üzv ölkələr arasında mövcud fikir ayrılıqlarını açıq şəkildə ortaya qoyur. Məsələnin əsas problemli tərəfi ondadır ki, Rusiyaya məxsus aktivlərin müsadirəsi Avropa Birliyi üçün sadəcə iqtisadi deyil, həm də siyasi və diplomatik nəticələr doğura bilər. Rusiya bu aktivlərin müsadirəsinə cavab olaraq qarşı tədbirlər görmək hüququna malikdir. Bu baxımdan Belçika hökuməti təkbaşına belə bir addım atmamaqla həm Aİ daxilində həmrəylik tələb edir, həm də Rusiyaya qarşı potensial qarşıdurmanın risklərini minimuma endirməyə çalışır. Bu məsələdə digər Aİ ölkələrinin mövqeyi də kritikdir. Macarıstan, Serbiya və bir neçə digər ölkə liderləri də aktivlərin müsadirəsi ilə bağlı ehtiyatlı yanaşmalarını açıqlayıblar. Belçika isə Aİ daxilində birlik və koordinasiyanın vacibliyini önə çəkir, tək ölkə üzərində məsuliyyətin düşməməsini istəyir.Belçikanın qərarı eyni zamanda Avropada Rusiyaya qarşı iqtisadi sanksiyaların effektivliyinə də təsir edə bilər. Aktivlərin müsadirəsi yalnız bir ölkə tərəfindən həyata keçirildikdə, Rusiyanın mümkün qarşı addımları Aİ üçün əlavə risklər yarada bilər. Bu səbəbdən Belçika Avropa Birliyi daxilində ortaq qərar gözləyir”.
Ayşə Müzəfərli
