Belqrad layihəsi: Kuşner müqaviləsi sızıb
Serbiya hökumətinin Donald Trampın kürəkəni Cared Kuşnerin şirkəti ilə gizli şəkildə bağladığı müqavilə ölkədə ciddi narazılıq yaradıb. Radar jurnalının sızdırdığı sənədlərə görə, 2024-cü ildə Serbiya hökuməti Kuşnerin “Atlantic Incubation Partners” şirkəti ilə Belqradın mərkəzində – 1999-cu ildə NATO-nun bombaladığı Müdafiə Nazirliyi kompleksinin yerində hotel, mənzil və muzey layihəsi qurmaq üçün birgə müəssisə yaradıb. Şirkət layihənin 77,5%-nə sahib olacaq.
Sənədlərə əsasən, Serbiya hökuməti həmin tarixi binanın mühafizə statusunu ləğv etmək və may ayına qədər tam söküntü işlərini bitirmək öhdəliyini götürüb. Əks halda Kuşner tərəfi müqaviləni ləğv edib yüksək kompensasiya tələb edə bilər. Torpaq şirkətə 99 illik pulsuz icarə ilə verilir.
Layihə ictimaiyyətə açıqlanmadığı üçün son həftələrdə ölkədə etirazlar daha da güclənib. Minlərlə insan binanın ətrafında “qırmızı xətt” çəkərək satışa etiraz edib. Bina həm NATO bombardmanının rəmzi kimi, həm də memar Nikola Dobroviçin Belqraddakı yeganə işi kimi tarixi əhəmiyyət daşıyır.
Eyni zamanda, hökumətin yeni qəbul etdiyi “xüsusi qanun” layihənin bütün tənzimləyici maneələrini kənara qoyur, bu da korrupsiya və qeyri-şəffaflıq ittihamlarını gücləndirib.
Bu proses Serbiyanın ABŞ-lə münasibətləri yaxşılaşdırmağa çalışdığı vaxta təsadüf edir, çünki ölkənin dövlət neft şirkəti NIS Rusiya ilə əlaqələrə görə Vaşinqtonun sanksiyaları altındadır.
The Guardian
Eslanda Kulieva