00:00:00
Yazar
Zəhra Həsənova
11.05.2026 21:31 33 3 dəq oxuma
Sosial

Bestseller kitablar: populyarlıq, yoxsa həqiqi ədəbi keyfiyyət?

Bestseller kitablar: populyarlıq, yoxsa həqiqi ədəbi keyfiyyət?

Müasir dövrdə bəzi kitablar qısa müddətdə milyonlarla oxucu qazanaraq “bestseller”ə çevrilir. Sosial şəbəkələr, reklam kampaniyaları və oxucu trendləri kitab bazarına ciddi təsir göstərir. Lakin çox satılan hər kitabın yüksək ədəbi dəyərə malik olub-olmaması müzakirə mövzusu olaraq qalır.

Mövzu ilə bağlı  “UNEC Clubrary” kitab klubunun üzvlərlə iş üzrə meneceri Solmaz Allahverdizadə “İnformator.az”a açıqlamasında bildirib ki, kitab seçimində daha çox sosial mediadakı tövsiyələr və maraq ön plana çıxır:

 

" Bestseller siyahıları kitab seçimlərimizə qismən təsir edir. Çünki bu qədər seçim arasında bəzən qərar verməkdə çətinlik çəkirik. Bu halda bestsellər siyahıları bir növ bizə istiqamət verir. Əgər bir kitab bu qədər çox satılıbsa, deməli, ən azından maraqlı bir mövzusu və ya cəlbedici bir tərəfi var. Amma, təbii ki, bu hər siyahıya düşən kitabı mükəmməl hesab etdiyim mənasına gəlmir. Sadəcə, bəzən bestseller siyahısından seçimimi asanlaşdırmaq üçün istifadə edirəm. Daha çox sosial mediadakı tövsiyələr və maraq ön plana keçir. Məsələn, bir kitabı Instagram-da və BookTok-da hər kəsin əlində görəndə marağım oyanır ki, görəsən hamının bəhs etdiyi o mövzu nədir? Yəni həm maraqdır, həm də bir növ trenddən geri qalmamaq istəyidir. Amma ən güclü səbəb yenə də yaxınlarımın və ya zövqünə bələd olduğum insanların tövsiyəsidir".

 

Digər oxucu Jurnalistika fakültəsinin tələbəsi Arzu Poladova isə qeyd edib ki, trend yox, amma tövsiyə yolu ilə daha çox oxuyuram kitabları:

 

"Günümüzdə kitablar satılır və bestseller olur, amma bu o demək deyil ki, bütün ən çox satılan kitablar keyfiyyətlidir. Əslində biz onu oxuyub, qərarlaşdırmalıyıq. Seçimimə bestseller siyahısı təsir edir, niyə görə? Çünki bestseller kitablar ən çox oxunan və satılan kitablar deməkdir və çox oxunan kitablar insanlarda, təbii ki, maraq doğurur. Buna görə də, bəzən alıram, yoxlayıram, əgər xoşuma gəlsə, oxumağa davam edirəm. Xoşuma gəlməsə, bu kitabın sadəcə kütlənin axınına uyğun olduğunu düşünürəm. Hazırda daha çox Elxan Elatlı kitablarını oxuyuram. Düşünürəm ki, insanın marağı olmalıdır ki, hər hansı bir kitabı oxusun. Əsasən tövsiyə yolu ilə kitabları seçirəm. Məsələn, kimsə tövsiyə edir ki, bu kitab çox maraqlıdır, öz fantaziyalarıma, maraq dairəmə uyğundursa, o kitabı oxuyuram. Yəni trend yox, amma tövsiyə yolu ilə daha çox oxuyuram kitabları".

 

Mövzu ilə bağlı tanınmış yazıçı Elxan Elatlı “İnformator.az”a açıqlamasında bildirib ki, oxucu populyar dünya klassiklərini məhz populyarlığına görə oxumağa çalışır:

 

"Bu adı kitaba adətən onu çap edən nəşriyyat satışı artırmaq üçün verir və ən xoşagəlməz hal budur ki, bəzən 300-500 nüsxə satışı olan kitaba da "bestseller" adı verirlər. Əlbəttə, ən çox satılan kitabları yüksək ədəbi keyfiyyət nümunəsi hesab etmək olmaz. Çox satılmaq şərtlərdən yalnız biridir. Kitab özünün yüksək ədəbi keyfiyyət nümunəsi olduğunu sübut etmək üçün azı əlli il yaşamalıdır. Yəni unudulmamalı, oxunmalı, əldən-ələ gəzməlidir. Hazırda sosial şəbəkələr və kitab trendləri oxucuların seçiminə təsir göstərir. Lakin bu həlledici deyil. Müasir oxucu adını eşitdiyi kitabı əsasən hansısa tərəfsiz sıravi oxucu tanışının rəyinə əsasən oxumağa başlayır. Təbii ki, oxucular sosial şəbəkələrdəki reklamın təsirilə də kitabı alıb oxumağa başlaya bilər, lakin bu zaman onu yarımçıq qoymaq ehtimalı böyükdür. Müasir oxucu seçimdə sərbəstdir və məncə, onu düşündürən, ürəyinə yatan, ən əsası duyğularına təsir edən kitablara üstünlük verir. Amma bəzən belə də olur ki, oxucu populyar dünya klassiklərini məhz populyarlığına görə oxumağa çalışır və ya "baxın mən kimləri oxuyuram" deyə, özünü oxumuş kimi göstərir".

Samirə Allahverdizadə

#keyfiyyət? #xəbər #ədəbi #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər