00:00:00
Yazar
Zəhra Həsənova
22.05.2026 18:43 24 2 dəq oxuma
İqtisadiyyat

Beynəlxalq Enerji Agentliyindən xəbərdarlıq: neft bazarları “qırmızı zona”ya daxil ola bilər

Beynəlxalq Enerji Agentliyindən xəbərdarlıq: neft bazarları “qırmızı zona”ya daxil ola bilər

Beynəlxalq Enerji Agentliyi qlobal neft ehtiyatlarının azalması və yay aylarında yanacağa tələbatın artması fonunda neft bazarında ciddi gərginlik yarana biləcəyi barədə xəbərdarlıq edib. Qurumun rəhbəri Fatih Birol bildirib ki, xüsusilə iyul və avqust aylarında bazar “qırmızı zona”ya daxil ola bilər. Onun sözlərinə görə, Hörmüz boğazının bağlı qalması və Yaxın Şərqdən yeni neft tədarükünün olmaması vəziyyəti daha da ağırlaşdırır. BEA isə lazım gələrsə strateji ehtiyatlardan əlavə neft buraxmağa hazır olduğunu açıqlayıb.

Mövzu ilə bağlı iqtisadçı Əkrəm Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, hazırkı dövrdə qlobal prosesləri dəqiq proqnozlaşdırmaq çətindir. ABŞ-nin apardığı siyasət də kifayət qədər qeyri-müəyyəndir:

“Donald Trampın İranla bağlı addımları göstərib ki, bu qərarlar tam düşünülmüş deyildi və İsrailin təsiri altında atılmış addımlar idi. Hörmüz boğazının bağlanmasının nəticələri isə əvvəlcədən tam hesablanmayıb. Mövcud vəziyyət davam edərsə, dünya iqtisadiyyatı üçün ciddi risklər yarana bilər. Böhran davam edəcəyi təqdirdə qiymət artımı qaçılmaz olacaq. İlk növbədə neftin qiyməti yüksələcək, beynəlxalq enerji bazarında əsas risk də məhz budur. Eyni zamanda neftin hasilatı və çatdırılması zəncirində problemlər daha da dərinləşə bilər. Strateji ehtiyatlardan istifadənin gərginliyi müəyyən qədər azaltmaq imkanı olsa da, bunun tam yetərli olmayacağı istisna edilmir”.

 

Ekspert, həmçinin ABŞ-də payızda keçiriləcək parlament seçkilərinin də proseslərə təsir göstərə biləcəyini bildirib:

 

“Donald Tramp daxili siyasi riskləri nəzərə alaraq bu gərginliyin uzun müddət davam etməsində maraqlı olmaya bilər. Çünki yaranacaq böyük iqtisadi narazılıq seçkilərin nəticələrinə təsir edə bilər”.

Fatimə Hüseynli

#xəbər #beynəlxalq #bazarları #bilər #enerji
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər