00:00:00
Yazar
Ayan Sədi
20.04.2026 21:14 23 3 dəq oxuma
Siyasət

Beynəlxalq ictimaiyyətə geosiyasi mesaj

 

Beynəlxalq ictimaiyyətə geosiyasi mesaj

Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən görüşlərdə Rəcəb Tayyib Ərdoğan, İlham Əliyev və Şahbaz Şərif arasında nümayiş olunan səmimiyyəti “qardaşlıq mesajı” kimi qiymətləndirib. Onun sözlərinə görə, liderlər arasında formalaşan dostluq münasibətləri regionda sülh və təhlükəsizliyin möhkəmlənməsinə mühüm töhfə verir.

 

 

Mövzu ilə bağlı Politoloq Rəşad Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, səmimi görüntülər formalaşmış birliyin geosiyasi əhəmiyyətini beynəlxalq ictimaiyyətə göstərən növbəti mesajdır:

 

 

“Antalya Diplomatiya Forumunda Prezident İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Şahbaz Şərif arasında nümayiş olunan səmimiyyət həqiqətən də “qardaşlıq mesajı” kimi qəbul oluna bilər və bu mesaj özündə çoxqatlı geosiyasi məna daşıyır. Bu mesajın əsas məqsədi ilk növbədə Türkiyə-Azərbaycan-Pakistan xəttində artıq formalaşmış strateji yaxınlığın beynəlxalq ictimaiyyətə növbəti dəfə nümayiş etdirilməsidir”.

 

 

Politoloq həmçinin üçtərəfli kordinasiyanın siyasi, hərbi və diplomatik sahələrdəki təsirindən bəhs edib:

 

 

“Bu, şübhəsiz ki, sadəcə simvolik bir jest deyil, burada məqsəd regional və qlobal güclərə göstərməkdir ki, bu üç ölkə yalnız ikitərəfli deyil, üçtərəfli koordinasiya potensialına malikdir və bu koordinasiya siyasi, hərbi və diplomatik sahələrdə real təsir gücünə çevrilə bilər”.

 

 

Politoloq birdirib ki, forumda nümayiş etdirilən bu birlik, ölkələrin öz maraqları əsasında müstəqil hərəkət etdiyini regional güclərə və İslam dünyasına çatdıran balanslı siyasi mesajdır:

 

 

“Antalya Diplomatiya Forumu kimi platformada belə bir mesajın verilməsi təsadüfi deyil. Forum beynəlxalq iştirakçıların diqqət mərkəzində olduğuna görə, bu jest həm də bir növ strateji kommunikasiya vasitəsidir. Burada verilən mesaj Qərbə, Rusiyaya, Çinə və regiondakı digər aktorlara yönəlmiş balanslı siqnaldır ki, bu üç ölkə həm müstəqil qərar vermə qabiliyyətinə malikdir və həm də regional məsələlərdə kənar güclərin diktəsi ilə deyil, öz maraqları əsasında hərəkət edir. Eyni zamanda, bu birlik İslam dünyasında da müəyyən liderlik iddiasının yumşaq formada ifadəsi kimi şərh oluna bilər”.

 

 

Politoloqun sözlərinə əsasən, Regional ölkələr isə özləri üçün risk, təhlükə və rəqabət potensialı daşıdığından bu birliyə birmənalı yanaşmayacaq. Onun sözlərinə görə, ölkələrin NATO əlaqələri fərqli olduğundan qərb ölkələrinin münasibəti də dəyişkəndir:

 

 

“Digər regional aktorların bu birliyə yanaşması isə şübhəsiz ki, birmənalı deyil. Məsələn, İran Azərbaycan və Türkiyənin, eləcə də onların müttəfiqlərinin təsirinin artmasını strateji risk kimi qiymətləndirir. Rusiya üçün bu birlik həm rəqabət, həm də əməkdaşlıq potensialı daşıyır. Moskva bu üçlüyün Qərb yönümlü bloklaşmaya çevrilməməsinə diqqət edir. Qərb ölkələri isə bu münasibətləri əsasən neytral, bəzən isə ehtiyatlı optimizmlə izləyir, çünki bu ölkələrin NATO və digər beynəlxalq strukturlarla əlaqələri müxtəlif səviyyələrdədir”.

 

 

Politoloq bildirib ki, regionda sabitlik yaratmaqla yanaşı, yeni güc mərkəzinin formalaşması ölkələr arasında rəqbəti artırır:

 

 

“Bu birliyin sülhə xidmət etdiyi də danılmaz faktdır. Bu üç ölkə arasında koordinasiya regional sabitliyə töhfə verə bilər ki, bu da bir çox beynəlxaq aktor tərəfindən qəbul olunur. Xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və terrorizmlə mübarizə kimi sahələrdə əməkdaşlıq sülhü gücləndirən faktor kimi çıxış edə bilər. Digər tərəfdən, bu birlik geosiyasi rəqabəti də artıra bilər, çünki hər bir yeni güc mərkəzinin formalaşması avtomatik olaraq digər aktorların balanslaşdırma reaksiyasını doğurur”.

 

 

Rəşad Bayramov qeyd edib ki, “Qardaşlıq mesajı” simvolik olmaqla yanaşı regional birliklərə yeni mütəffiqlərin varlığından xəbər verən strateji mesajdır: 

 

 

“Ümumilikdə isə Antalya platformasında verilən “qardaşlıq mesajı” həm simvolik, həm də strateji xarakter daşıyır. Bu, yalnız dostluğun nümayişi deyil, həm də regional güc arxitekturasında yeni koordinasiya modelinin mesajıdır”.

 

 

Aydan Əsgərxanlı

#geosiyasi #baki #azərbaycan #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər