Beynəlxalq Dekolonizasiya cəbhəsi Bujival razılaşmasını qəbul etməyib
Beynəlxalq Dekolonizasiya Cəbhəsi (FİD) 2025-ci ilin iyul ayında imzalanmış Bujival razılaşmasına dair rəsmi mövqeyini bildirib.
"İnformator.az"ın məlumatına görə, FİD bu razılaşmanın Kanak xalqının öz müqəddəratını təyinetmə hüququnun tam və səmərəli həyata keçirilməsi, eləcə də beynəlxalq hüququn məcburilik (imperativ) prinsiplərinin tam etibarlılığının təmin olunması məsələlərində dərin narahatlıqlarını ifadə edib.
Bujival razılaşması 2025-ci ilin 12 iyul tarixində Paris yaxınlığındakı Bujival şəhərində Fransa və Kanaki (Yeni Kaledoniya) siyasi qüvvələri arasında imzalanmış razılaşmadır. Bu sənəd Yeni Kaledoniyanın statusu ilə bağlı yeni siyasi çərçivəni müəyyən edir və ərazinin Fransanın tərkibində qalması şərti ilə "Yeni Kaledoniya dövləti" kimi xüsusi statuslu muxtar qurum kimi tanınmasını nəzərdə tutur.
Razılaşmaya əsasən, kanaki sakinləri həm fransız, həm də yeni yaradılacaq "Kaledoniya vətəndaşlığı"na malik olacaqlar. Bundan əlavə, sənəd dövlətin suverenlik hüququnun mərhələli şəkildə genişləndirilməsi, xüsusilə müdafiə, təhlükəsizlik və digər sahələrdə dövlət səlahiyyətlərinin tam ötürülməsi kimi məsələləri ehtiva edir. Bununla yanaşı, razılaşmanın qüvvəyə minməsi üçün 2026-cı ildə Yeni Kaledoniyada keçirilməsi nəzərdə tutulan referendumun müsbət nəticəsi vacib şərtdir.