“Birliyin Gücü–2026”: Türk dövlətlərinin hərbi əməkdaşlığında yeni mərhələ
“Birliyin Gücü–2026” hərbi təlimi Azərbaycan, Türkiyə və Özbəkistanın hərbi əməkdaşlığının gücləndirilməsini nümayiş etdirir. Qarabağ, Naxçıvan və Xəzərdə keçirilən təlimlər birgə fəaliyyət, təcrübə mübadiləsi və regional təhlükəsizlik imkanlarının artırılmasına yönəlib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Azərbaycan, Türkiyə və Özbəkistan arasında hərbi təlimlərin mütəmadi xarakter alması Türk dövlətləri Təşkilatı çərçivəsində vahid hərbi əməkdaşlıq mexanizminin formalaşmasına gətirib çıxara bilər:
"Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında artıq ikitərəfli və çoxtərəfli formatda müxtəlif təlimlər keçirilir. Azərbaycan və Türkiyə arasında mövcud hərbi əməkdaşlıq bunun uğurlu nümunəsidir. Gələcəkdə digər üzv ölkələrlə də bu formatın genişləndirilməsi mümkündür. Bu əməkdaşlıq əsasən regional sülh və təhlükəsizliyin təmin olunmasına xidmət edir".
Ekspertin fikrincə, “Birliyin Gücü–2026” təlimlərinin Qarabağ, Naxçıvan və Xəzər kimi fərqli strateji ərazilərdə keçirilməsi gələcəkdə orduların birgə fəaliyyət imkanlarını artıra bilər:
"Bu təlimlər iştirakçı ölkələrin qoşunlarına dənizdə, dağlıq ərazilərdə və anklav şəraitində müxtəlif təyinatlı birgə əməliyyatlar keçirmək imkanı yaradır.
Eyni zamanda, müxtəlif ölkələrin hərbi qüvvələrinin vahid qərargahdan ümumi məqsəd üçün fəaliyyət göstərməsinə və əməliyyatların uzlaşdırılmasına şərait yaradır. Bu baxımdan təlimlər orduların fəaliyyətinin sinxronlaşdırılması üçün mühüm əhəmiyyət daşıyır".
Ədalət Verdiyevin sözlərinə görə, Türkiyə və Özbəkistanın Azərbaycanla hərbi-texniki əməkdaşlığının genişlənməsi müdafiə sənayesi, hərbi texnologiyaların mübadiləsi və birgə istehsal baxımından yeni imkanlar yarada bilər:
"Hər üç ölkənin hərbi-texniki sahədə ciddi potensialı var. Türkiyə müdafiə sənayesində böyük uğurlar əldə edib, Azərbaycan son illərdə bu sahəyə yatırımları artırıb, Özbəkistan isə mühüm texniki və hərbi-texniki potensiala malikdir. Bu imkanlar hərbi texnologiyaların mübadiləsi və birgə istehsal sahəsində əməkdaşlığın genişləndirilməsinə şərait yaradır. Bu istiqamətdəki imkanların ADEX 2026 sərgisində də nümayiş etdirilməsi gözlənilir".
Fatimə İbrahimova