00:00:00
Yazar
Admin User
27.08.2025 15:31 125 2 dəq oxuma
Siyasət

Biz onlara silah tədarükünü artıracağıq

Biz onlara silah tədarükünü artıracağıq

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ABŞ administrasiyası Ukraynaya hərbi yardım göstərən NATO üzrə müttəfiqlərinə silah tədarükünü artırmaq niyyətindədir.


"Biz artıq Ukraynanın maliyyələşdirilməsində iştirak etmirik, lakin biz Ukraynada müharibəni və insan ölümlərini dayandırmağa çalışırıq. Biz NATO-ya milyardlarla dollar dəyərində raketlər və hərbi texnika satırıq. Onlar müharibəni tam şəkildə maliyyələşdirirlər. Biz heç nəyi maliyyələşdirmirik", - o bildirib.
Tramp bu tədarüklərin davam edəcəyini bildirib.


"Biz bunu etməyə davam edəcəyik. Biz onlara mümkün qədər çox silah ötürməyə çalışırıq. Onlar ABŞ-nin hərbi təyinatlı məhsullarını əldə etmək istəyirlər. Zavodlarımız “Patriot”ların, eləcə də digər müdafiə və hücum silahlarının istehsal həcmlərini 2-3 dəfə artırır", - Tramp vurğulayıb.


Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, Tramp administrasiyasının taktikası çox sadədir:


“Tramp administrasiyası Ukrayna savaşını dayandırmağa çalışır. Onun taktikası çox sadədir. Ancaq bu, mümkün olmursa, Ukrayna savaşı üzərindən maliyyə gəlirləri əldə etməyə çalışır. Bayden administrasiyası dövründən fərqli olaraq, indi Tramp administrasiyası Ukrayna savaşına pul xərcləmir. Öz büdcəsindən hər hansı bir məbləğin çıxmasına imkan vermir. Əvəzində isə bunun əksinə olaraq gəlir qazanır. Çünki NATO ölkələri ABŞ-dən aldıqları silah-sursatı və hərbi texnikanı, təbii ki, Ukraynaya göndərirlər. Bu da o deməkdir ki, əslində, ABŞ Ukraynanın silahlandırılmasında və hərbi cəhətdən gücləndirilməsində dolayısı ilə iştirak edir. Bundan həm də maliyyə vəsaiti qazanır. Öz silah sənayesinin, hərbi sənaye kompleksinin gəlirlərinin artmasını təmin edir. Trampın da dediyi kimi, əgər silah istehsalı iki-üç dəfə artıbsa, deməli gəlirlər də iki-üç dəfə artmış olacaq. Təbii ki, bu proses ABŞ-yə mənfəət qazandırmaqla yanaşı, həm də Ukrayna savaşının inkişaf istiqamətlərini də fərqli istiqamətə yönəldir. Çünki Ukrayna yüksək keyfiyyətli ABŞ silahlarını alaraq Rusiyaya daha sarsıdıcı zərbələr endirmək imkanı qazanır. Bu imkanlar isə Rusiyanın mövqelərinin zəiflədilməsinə geniş şərait yaradır. Təbii ki, Ukrayna üçün də bu situasiya sərfəlidir. Çünki geniş miqyaslı silah-sursat və hərbi texnika ilə təchiz olunma imkanları qazanırlar. Eyni zamanda bu silah-sursatın, hərbi texnikanın pulunu da NATO üzvü olan Avropa ölkələri ödəyir. Avropa ölkələrinin maliyyələşdirməsi sayəsində Rusiya ilə hərbi qarşıdurmanı balanslaşdırmaq şansı qazanırlar və Rusiya üçün çox ciddi problemlər yaratmaq ehtimalı artır. Böyük ehtimalla əgər bu proses Trampın dediyi məzmun və keyfiyyətdə davam edərsə, bu halda Rusiyanın daxilində daha ciddi hərbi problemlər yarana bilər. Rusiyanın strateji obyektlərinin vurulması intensivləşə bilər və bunun da nəticəsində Rusiyanın zəifləməsi və cəbhə bölgəsində geri çəkilməsi qaçılmaz ola bilər. Bu halda Rusiyanın sülh danışıqlarına geri dönməkdən başqa çıxış yolu qalmaya bilər”.

 


Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər