BMT Çin və ABŞ arasında dialoqları alqışlayır
BMT Çin və ABŞ arasında aparılan yüksəksəviyyəli dialoqları müsbət qarşılayır.
"İnformator.az" xəbər verir ki, BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bu barədə bazar ertəsi keçirilən gündəlik brifinqdə deyib.
“Biz dünyanın ən böyük iki iqtisadiyyatı arasında yüksəksəviyyəli dialoqları alqışlayır və dəstəkləyirik. Onların iqtisadi münasibətləri qlobal iqtisadiyyata birbaşa təsir göstərir”, – deyə Stefan Düjarrik Çin və ABŞ nümayəndə heyətləri arasında sentyabrın 14-15-də İspaniyanın Madrid şəhərində keçirilən ticarət və iqtisadi məsələlər üzrə ikigünlük danışıqlarla bağlı suala cavabında bildirib.
Danışıqlarda Pekini təmsil edən ÇXR ticarət nazirinin müavini Li Çenqan tərəflərin qarşılıqlı hörmət və bərabərhüquqlu məsləhətləşmə prinsipləri əsasında, iqtisadiyyat və ticarət sahəsində açıq, əhatəli və konstruktiv müzakirələr apardıqlarını qeyd edib. Onun sözlərinə görə, Çin və ABŞ sabit ticarət-iqtisadi münasibətlərin həm iki ölkə, həm də dünya iqtisadiyyatının dayanıqlılığı və inkişafı baxımından böyük əhəmiyyət kəsb etdiyi ilə tam razıdırlar.