BMT-də Azərbaycanın antiterror təşəbbüsləri təqdim olunub
Azərbaycan BMT yanında daimi nümayəndəsi, səfir Tofiq Musayev təşkilatın Baş Assambleyasının 80-ci sessiyasının altıncı komitəsində "Beynəlxalq terrorizmin aradan qaldırılması tədbirləri" adlı sessiyada çıxış edib.
Mövzu ilə bağlı politoloq Tural İsmayılov “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanın BMT-də təqdim etdiyi antiterror təşəbbüslər, ölkənin son illərdə beynəlxalq təhlükəsizlik gündəliyinə fəal şəkildə daxil olmasının bariz nümunəsidir:
“Səfir Tofiq Musayevin BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı, Azərbaycanın terrorizmə qarşı mübarizədə təkcə regional deyil, qlobal miqyasda da məsuliyyətli aktor kimi çıxış etdiyini nümayiş etdirdi. Azərbaycan bu çıxışda bir neçə mühüm təşəbbüsü irəli sürdü: ilk növbədə, beynəlxalq antiterror əməkdaşlığının gücləndirilməsi, terrorun maliyyələşdirilməsinə qarşı birgə mexanizmlərin yaradılması və terror qurbanlarının hüquqlarının müdafiəsi məsələlərini önə çəkdi. Bu təşəbbüslər həm də informasiya müharibəsi və kiberterrorizm kimi müasir təhlükələrə qarşı qlobal həmrəyliyin formalaşdırılmasını hədəfləyir. Azərbaycanın əsas məqsədi – beynəlxalq ictimaiyyəti ikili standartlardan uzaq, vahid hüquqi yanaşma ilə terrorizmə qarşı birləşdirməkdir. Bakı illərdir bildirir ki, terrorla mübarizə yalnız bəyanatlarla deyil, konkret hüquqi və siyasi öhdəliklərlə təmin edilməlidir. Məhz bu səbəbdən Azərbaycan BMT səviyyəsində “Terrorla mübarizədə dövlət məsuliyyəti və beynəlxalq hüququn aliliyi” prinsipini əsas prioritet kimi təqdim edir. Eyni zamanda, Azərbaycan öz praktiki təcrübəsini də beynəlxalq müstəviyə çıxarır. Ölkə 2020-ci ildə və ondan sonra həyata keçirdiyi antiterror əməliyyatları ilə suveren ərazisində separatizmə və xarici dəstəkli silahlı qruplaşmalara qarşı qanuni mübarizə aparıb. Bu nümunə BMT tribunasından bir daha vurğulandı – Azərbaycanın addımları beynəlxalq hüquqa, xüsusilə də BMT Nizamnaməsinin 51-ci maddəsinə – özünümüdafiə prinsipinə tam uyğun şəkildə həyata keçirilib. Azərbaycanın təqdim etdiyi təşəbbüslərin mühüm hissəsi həm də radikallaşmanın qarşısının alınması, təhsil və sosial inteqrasiya proqramları ilə gənclərin ekstremist təsirlərdən qorunmasına yönəlib. Bakı hesab edir ki, terrorizmlə mübarizə təkcə silah gücü ilə deyil, həm də ideoloji və maarifçilik müstəvisində aparılmalıdır.
BMT-də səslənən bu təşəbbüslər, əslində, Azərbaycanın regional sabitlikdə oynadığı rolu beynəlxalq miqyasda təsdiqləyir. Azərbaycanın siyasəti beynəlxalq hüququn prinsiplərinə əsaslanır – xüsusən də dövlətlərin suverenliyi, ərazi bütövlüyü və daxili işlərinə qarışmamaq prinsiplərinə. Bu, Azərbaycanın özünün də qarşılaşdığı işğal və terror təcrübəsindən doğan prinsipial mövqedir. Azərbaycan həmçinin vurğulayır ki, terrorizmə bəraət qazandıran istənilən siyasi ritorika, istər “azadlıq hərəkatı” adı altında, istər “milli müqavimət” pərdəsi altında olsun, beynəlxalq hüquq baxımından qəbuledilməzdir. Bu, Azərbaycanın Ermənistanın 30 illik təcavüz siyasətinə verdiyi hüquqi cavabın da ideoloji davamıdır.
Nəticə etibarilə, Azərbaycanın BMT-dəki antiterror təşəbbüsləri təkcə milli maraqların müdafiəsi deyil, həm də qlobal ədalət çağırışıdır. Bakı bu platformada göstərdi ki, terrorla mübarizə ikili standartlara yox, ədalətli və hüquqa əsaslanan beynəlxalq sistemə söykənməlidir. Azərbaycanın bu istiqamətdə atdığı addımlar həm prinsipial, həm də strateji baxımdan yeni beynəlxalq təhlükəsizlik arxitekturasına ciddi töhfədir “.
Reyhan Quliyeva
