BMT-dən Şara ilə bağlı qərar...
BMT Təhlükəsizlik Şurası Suriya Prezidenti Əhməd Şara və daxili işlər naziri Enes Xəttaba yönəlik sanksiyaların ləğvi ilə bağlı qərar qəbul edib.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Mövzu ilə bağlı “İnformator.az”a Ağ Partiya başqanının müavini, beynəlxalq məsələlər üzrə şərhçi Cavanşir Abbaslı danışıb:
“Suriyada ehtimad hökumətinin formalaşmasından sonra bu ölkənin Avropaya inteqrasiyası prosesi nəzərəçarpacaq dərəcədə sürətlənib. Bunu BMT Təhlükəsizlik Şurasına üzv dövlətlər, eləcə də Avropanın aparıcı ölkələri diqqətlə izləyir və məsələyə böyük önəm verirlər. Bu baxımdan BMT Təhlükəsizlik Şurasının Suriya Prezidenti və Daxili İşlər naziri ilə bağlı qəbul etdiyi qərar əslində təəccüb doğurmamalıdır. Bu, gözlənilən və eyni zamanda sevindirici bir addımdır. Artıq Avropa uzun illərdir ki, Bəşər Əsəd dövrünün tarixi arxivdə qaldığını anlayır və yeni formalaşan hökumətlə əməkdaşlığın zəruriliyini dərk edir.
Avropa Suriyanın regiondakı strateji əhəmiyyətini yaxşı görür. Həmçinin bu regionda Rusiyanın təsir imkanlarının hələ də kifayət qədər güclü olduğunun fərqindədir. Bu təsirləri minimuma endirməyin yeganə yolu isə hazırkı ehtimad hökuməti ilə sıx əlaqələrin qurulmasından keçir. Qeyd edim ki, bu qərardan sonra Suriyanın beynəlxalq münasibətlər sistemində ciddi dəyişikliklər baş verəcək. Bu, sadəcə sanksiyaların ləğvi məsələsi deyil — əksinə, çoxşaxəli əməkdaşlıq və yeni imkanlar mərhələsinin başlanğıcıdır. Əhməd Şarə hökumətinin də bu imkanlardan yararlanacağına inanıram, xüsusilə Türkiyə rəhbərliyi ilə aparılacaq məsləhətləşmələrdən sonra”.
C.Abbaslı bildirib ki, Türkiyənin Suriya siyasəti aydındır və burada heç bir qaranlıq məqam yoxdur:
“Qardaş ölkə Suriyada formalaşan yeni hökumətin tam arxasındadır və bu mövqeyini açıq şəkildə nümayiş etdirir. Heç kimə sirr deyil ki, Bəşər Əsəd hökumətinin getməsi və onun ehtimad hökuməti ilə əvəzlənməsində Türkiyənin rolu həlledici olub. Rəsmi Ankara bu prosesdə mühüm təsir göstərib.
Əgər bu gün Türkiyə Suriyadan dəstəyini geri çəksə, ölkədə qısa müddətdə yenidən hakimiyyət böhranı yarana bilər. Son 15 ildə Suriyada ciddi iqtisadi və siyasi tənəzzül yaşanıb — ordu tam formalaşmayıb, iqtisadiyyat dərin zərbələr alıb, xarici siyasət isə iflic vəziyyətə düşüb. Əhməd Şarə hökuməti hazırda bütün bu problemləri aradan qaldırmaq üçün çalışır və bu prosesdə Türkiyənin dəstəyinə böyük önəm verir. Sanksiyaların ləğvi Suriyada daxili sabitliyin möhkəmlənməsinə mühüm töhfə verəcək. Bəşər Əsədin getməsindən sonra ölkədə müəyyən stabillik bərqərar olsa da, hələ də bir sıra problemlər qalmaqdadır. Bu problemlərin həllində sanksiyaların ləğvi və Avropa ölkələrinin Suriyaya münasibətinin dəyişməsi mühüm rol oynayacaq.İslahatlar prosesi artıq başlayıb və davam edəcək. Əhməd Şarə hökuməti buna məcburdur. İslahatlar aparmadan Suriyanı inkişaf etmiş dövlətlər sırasına çıxarmaq, xüsusilə regionun aparıcı ölkələri ilə eyni səviyyəyə gətirmək mümkün deyil. Hökumət də bunu çox yaxşı anlayır. Nəticə etibarilə, bu qərar alqışlanmalıdır. Hazırkı ehtimad hökumətinin fəaliyyəti və xüsusilə Türkiyə ilə strateji tərəfdaşlıq Suriyanın gələcəyi üçün mühüm əhəmiyyət daşıyır”.

Ləman Mahmudlu
