BMT İranla bağlı xüsusi iclas keçirəcək
Birləşmiş Millətlər Təşkilatı İran ətrafında yaranan son geosiyasi vəziyyətlə əlaqədar xüsusi iclas çağırıb. İclasda İranın nüvə proqramı, beynəlxalq çağırışlara münasibəti və Yaxın Şərqdə regional təhlükəsizlik məsələlərinin müzakirə ediləcəyi bildirilir. Qərar İranla Qərb ölkələri arasında gərginliyin artdığı bir dövrdə qəbul olunub.
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, BMT-nin keçirəcəyi iclasın İranın nüvə proqramına real təsir imkanları son dərəcə məhduddur:
“BMT-nin bu iclasının İranın nüvə proqramına hər hansı ciddi təsir göstərəcəyini düşünmürəm. Çünki indiyədək istər BMT, istər digər nüfuzlu beynəlxalq təşkilatlar, istərsə də ayrı-ayrı dövlətlərdən İrana çoxsaylı çağırışlar edilib, qətnamələr qəbul olunub, qərarlar verilib. Amma İran bu qərarların heç birinə əməl etməyib. Rəsmi Tehran açıq şəkildə bəyan edib ki, yalnız öz milli maraqlarından çıxış edir və bu mövqedə qalmaqda davam edir. İran beynəlxalq təzyiqləri qəbul etmir və mövcud siyasi kursunu dəyişmək niyyətində deyil. İran bu gün də eyni siyasi xətti davam etdirir. Nüvə proqramını inkişaf etdirir, raket proqramlarını gücləndirir və paralel olaraq enerji resurslarını xüsusilə neft və qazı Çinə və bəzi digər ölkələrə nisbətən ucuz qiymətlərlə satmağa davam edir. Bütün bunlar onu göstərir ki, Tehran beynəlxalq iclaslardan və siyasi bəyanatlardan asılı olmayaraq öz strategiyasını müəyyən edib. BMT-nin xüsusi iclasının regiondakı gərginliyə təsir imkanlarını da şərh edib. BMT-nin hansısa iclas keçirməsi nə regiondakı gərginliyin azalmasına, nə də artmasına ciddi təsir edəcək. İranın mövqeyində yumşalma olmayacaq, eyni zamanda daha sərt addımlar atılması da bu iclasdan asılı deyil. Bölgədə vəziyyət necə idisə, o şəkildə də davam edəcək. İrana qarşı təzyiqlər qalacaq, İran isə bu təzyiqlərə “milli maraqlarımı qoruyuram” arqumenti ilə cavab verməyə davam edəcək”.
Ekspertin fikrincə, İran məsələsində beynəlxalq ictimaiyyətin vahid mövqe sərgiləməsi də real görünmür:
“Hazırkı qlobal vəziyyətdə dünya dövlətlərinin İran məsələsində vahid cəbhədən çıxış edəcəyini gözləmək mümkün deyil. Çünki bu günün özündə belə Qərb daxilində ciddi fikir ayrılıqları var. ABŞ və Avropa ölkələri Ukrayna müharibəsi, Qrenlandiya məsələsi, Kanada ilə bağlı münasibətlər kimi bir sıra mövzularda ortaq mövqedə deyillər. Belə bir fonda İran məsələsində tam həmrəylikdən danışmaq çətindir. İranın arxasında dayanan güclər də mövcuddur. Digər tərəfdən, Çin və Rusiya kimi dövlətlər İranı açıq və ya qeyri-rəsmi şəkildə dəstəkləyirlər. Bu ölkələr İranla gizli müttəfiqlik münasibətləri qurublar və istəmirlər ki, Tehran Qərbə qarşı mübarizədə geri çəkilsin və ya zəifləsin. Bu da beynəlxalq sistemdə balanslı, lakin parçalanmış mövqelərin formalaşmasına səbəb olur. BMT-nin iclası daha çox siyasi mesaj xarakteri daşıyır və real nəticələr doğurması ehtimalı zəifdir. Bu cür iclaslar əsasən beynəlxalq gündəmin aktiv saxlanılması və siyasi mesajların verilməsi üçün keçirilir. Amma real təsir mexanizmləri olmadığı halda, İran kimi dövlətlərin mövqeyini dəyişmək çox çətindir”.
Ayşə Müzəfərli
