00:00:00
Yazar
Ayşən Səlimova
13.03.2026 20:47 22 2 dəq oxuma
Dünya

BMT-nin əsas məqsədi təşkilatı müasir qlobal çağırışlara uyğunlaşdırmaqdır

BMT-nin əsas məqsədi təşkilatı müasir qlobal çağırışlara uyğunlaşdırmaqdır

BMT sistemində islahatlar yalnız texniki məsələ deyil, strateji zərurətdir və təşkilatın effektivliyini artırmaq üçün mandatların, həmçinin strukturun yenidən qiymətləndirilməsi vacibdir.

 

Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu "İnformator.az"a açıqlamasında bildirib ki, təşkilatın strukturunda mövcud olan bəzi institut və bölmələrin fəaliyyətləri müəyyən hallarda bir-birini təkrarlayır:

 

"BMT-nin strukturunda islahatların aparılması məsələsi uzun illərdir müzakirə olunur. Hazırda da təşkilat beynəlxalq münasibətlər sistemində mühüm rol oynayır. Lakin müasir reallıqlar BMT-nin ənənəvi fəaliyyət prinsipləri ilə tam uyğun gəlmir. Dünya təşkilatın yaradıldığı dövrlə müqayisədə ciddi şəkildə dəyişib və BMT də fəaliyyət istiqamətlərini, problemlərə yanaşma üsullarını dövrün tələblərinə uyğunlaşdırmalıdır. Əks halda, təşkilatın effektivliyi azalaraq onun təsir imkanları zəifləyə bilər. BMT strukturunda islahatların həyata keçirilməsi üçün yanaşmanın dəyişməsi vacibdir. Çünki belə dəyişikliklər üzv dövlətlər arasında konsensus tələb edir. Müxtəlif baxışlar isə prosesi ləngidir və çətinləşdirir. Bu baxımdan, struktur islahatları ilə məşğul olacaq ayrıca institut və ya komissiyanın yaradılması məqsədəuyğun hesab edilə bilər. Həmin quruma geniş səlahiyyətlərin verilməsi islahatların daha effektiv həyata keçirilməsinə şərait yarada bilər".

 

Müsahib vurğulayıb ki, digər mühüm məsələ BMT Baş Assambleyasının səlahiyyətlərinin genişləndirilməsidir: 

 

 

"Təcrübə göstərir ki, Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququ bir çox hallarda qərarların qəbulunu çətinləşdirir. Güclü dövlətlər bu imkandan istifadə edərək bəzi mühüm qərarların qəbulunu bloklaya bilirlər ki, bu da təşkilatın nüfuzuna mənfi təsir göstərir. Buna görə də Baş Assambleya ilə Təhlükəsizlik Şurası arasında daha balanslı səlahiyyət bölgüsü yaradılması zəruridir. Eyni zamanda, islahatlar BMT Təhlükəsizlik Şurasını da əhatə etməlidir. Müasir dünya reallıqları fonunda Şuranın daimi üzvlərinin sayının yalnız beş olması artıq mübahisə doğurur. Bu səbəbdən həm daimi, həm də qeyri-daimi üzvlərin sayının artırılması və dünyanın müxtəlif regionlarının daha geniş şəkildə təmsil olunması vacib hesab olunur".

 

 

Politoloq bildirib ki, digər vacib məsələ isə Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların icra mexanizmlərinin təkmilləşdirilməsidir: 

 

 

Qlobal əhəmiyyət daşıyan qərarlar yalnız kağız üzərində qalmamalı, onların həyata keçirilməsi üçün effektiv mexanizmlər formalaşdırılmalıdır. Belə islahatlar həyata keçirilərsə, BMT qlobal sülhün və təhlükəsizliyin qorunması, insan hüquqlarının müdafiəsi, həmçinin getdikcə dərinləşən ekoloji problemlərin həlli kimi məsələlərdə daha təsirli rol oynaya bilər. Təşkilatın strukturunda mövcud olan bəzi institut və bölmələrin fəaliyyətləri müəyyən hallarda bir-birini təkrarlayır. Bu isə əlavə maliyyə yükü yaradır. Həmin resursların daha vacib istiqamətlərə yönəldilməsi təşkilatın fəaliyyətinin səmərəliliyini artıra bilər".

 

Səmayə Səftərova

#Dünya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər