Böyük Britaniya Kralı III Çarlzın ABŞ-yə səfəri başlayır
Böyük Britaniya Kralı III Çarlz və Kraliça Kamillanın üç günlük ABŞ-yə səfəri başlayır. Bu, Kraliça II Elizabetin 2007-ci ildə etdiyi səfərdən sonra ABŞ-yə dövlət səviyyəsində həyata keçirilən ilk ziyarətdir.
ABŞ-nin müstəqilliyinin 250 illiyinin qeyd olunması ərəfəsində baş tutan bu səfər iki ölkə arasındakı güclü münasibətləri vurğulamağı məqsəd qoyur.
Bukinqem Sarayından verilən açıqlamada bildirilib ki, Vaşinqtonda Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyi zamanı baş verən silahlı hücum cəhdinə baxmayaraq, səfər plan üzrə həyata keçiriləcək.
Həmin hadisə ABŞ-də təhlükəsizliklə bağlı narahatlıqlara səbəb olub. ABŞ-nin ədliyyə nazirinin səlahiyyətlərini icra edən Todd Blanche bildirib ki, kral cütlüyünün təhlükəsizliyi tam təmin olunacaq. Onun sözlərinə görə, baş verən hadisə ölkənin təhlükəsizlik sisteminin işlədiyini göstərir.
Kral və kraliçanın səfəri ilə əlaqədar artıq ciddi təhlükəsizlik tədbirləri görülüb. Son hadisədən sonra isə bu tədbirlərin daha da gücləndiriləcəyi qeyd olunur.
BBC News
Nuray Əliyeva