BRİKS təşkilatının görüşü marağa səbəb olub
Vladimir Putin BRİKS-in növbədənkənar iclasında iştirak edib. İclas Braziliyanın sədrliyi təşəbbüsü ilə videokonfrans formatında təşkil olunub.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Müşfiq Abdulla bildirib ki,BRİKS ABŞ ilə Asiya tandemi arasında yeni bir mübarizə meydanına çevrilməkdədir.
“BRİKS-in sentyabrın 8-də onlayn formatda təşkil olunan müzakirələri daha çox ABŞ-nin sanksiyalarından əziyyət çəkən ölkələrin toplantısı kimi şərh olunur. Çünki BRİKS ayrıca bir format olsa da, inkişaf etmiş ölkələrin birliyi kimi tanınsa da, bu dəfə müzakirələr daha çox ABŞ-nin üzv dövlətlərə qarşı tətbiq etdiyi sanksiyalar və tarif siyasəti ilə bağlı idi. Buraya Rusiyaya, Çinə, Hindistana, İrana qarşı sanksiyalar, Braziliyaya qarşı tətbiq edilən yüksək tariflər, ticarət müharibəsi məsələləri daxildir.
Maraqlıdır ki, Şanxay Əməkdaşlıq Təşkilatının sentyabrın 1–2-də Çində keçirilən Zirvə toplantısından sonra BRİKS-ə daxil olan ölkələrin yenidən toplantı keçirməsi təsadüfi görünmür. Çünki həmin ölkələr cəmi bir həftə öncə Çində toplaşmışdılar. Bu isə ABŞ-yə qarşı bir növ siyasi və iqtisadi güc nümayişi kimi şərh olunub.Rusiya, Hindistan, Çin və İran kimi dövlətlərin bir araya gəlməsi Amerikaya qarşı Asiyada və Rusiyada yeni bir güc mərkəzinin formalaşması kimi qiymətləndirilir. Bu vəziyyət isə ABŞ rəhbərliyini kifayət qədər narahat etdi.
Eyni zamanda, həmin dövlətlər BRİKS-ə daxil olduqları üçün onların yenidən bir araya gələrək Trampın tarif siyasətinə qarşı müzakirələr aparması göstərir ki, yaxın perspektivdə BRİKS-lə Vaşinqton arasında iqtisadi rəqabət və mübarizə daha da genişlənəcək. Məlumdur ki, ABŞ Prezidenti BRİKS-ə qarşı açıq antipatiyaya malikdir. Hətta Tramp BRİKS-ə üzv ölkələri dollardan imtina etdiklərinə görə təhdid edib və onların bu siyasətinin qarşısını almaq üçün BRİKS-ə qarşı hər cür mübarizə aparacağını bəyan edib. O, eyni zamanda sanksiyalarla hədələyib.
BRİKS-ə üzv ölkələr isə Rusiyadan neft idxalı ilə bağlı birmənalı qərar qəbul ediblər. Çin və Hindistan xüsusilə bu qərarda israrlıdırlar. Rusiya həmin ölkələrə qarşı tarifləri 50 faiz artırsa da, Hindistan bəzi tarifləri endirib, ABŞ-yə tətbiq etdiyi tarifləri ləğv edib. Lakin Tramp güzəştə getməyib. Yəni Çinə qarşı ticarət müharibəsi də, Rusiyaya qarşı sanksiyalar da, Braziliyaya qarşı tarif siyasəti də davam edir.
Bütün bunlar göstərir ki, BRİKS ABŞ ilə Asiya tandemi arasında yeni bir mübarizə meydanına çevrilməkdədir. Bu isə dövlətlərarası münasibətlər baxımından beynəlxalq vəziyyətin daha da gərginləşəcəyinə işarə edir. Yəqin ki, ABŞ rəhbərliyi tarifləri bir qədər də artıracaq və əlavə sanksiyalar tətbiq edəcək".
Şehrin Musayeva