Bəşər Əsədi Moskvada zəhərlədilər
Moskvada Suriyanın keçmiş prezidenti Bəşər Əsədi zəhərləmək istəyiblər.
Bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Bəşər Əsəd Moskvadakı xəstəxanaların birindən sentyabrın 29-da evə buraxılıb. Onun vəziyyətinin stabil olduğu bildirilir.
Qeyd edək ki, Suriyanın keçmiş prezidenti Bəşər Əsəd ötən ilin dekabrından Moskvada yaşayır.
Mövzu ilə əlaqədar Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov “İnformator.az”a açıqlamasında bildirib ki, Bəşər Əsədin öldürülməsi və ya sağ qalmasının kimə lazım olduğu sualına cavab vermək üçün əvvəlcə bu hadisənin kimə xeyir və kimə zərər gətirəcəyini diqqətlə düşünmək lazımdır:
“Məntiqdən çıxış edəndə görünür ki, Əsədin hazırkı vəziyyəti Suriya rejimi üçün həm bir təhlükə, həm də siyasi problem yaradır. O, açıq şəkildə gələcək planları və mövqeyi barədə bəyanat verməyib; Rusiya tərəfi onu gizləndirməkdədir və harada olduğu bilinmədiyi müddətcə rejim üçün risk mənbəyidir. Onun həyatda olması və xarici ölkədə gizlənməsi Suriya rejimi üçün müsbət hal deyil və bunu rejim də hiss edir”.
Xəyal Bəşirov qeyd edib ki, Moskva üçün isə fərqli məqamlardan danışmaq lazımdır:
“Bəşər Əsəd Rusiya üçün bəzi beynəlxalq məsələlərdə — o cümlədən Rusiya-Ukrayna kontekstində — müəyyən bir siyasi alət və ya vasitə rolunu oynaya bilər. Ona görə də rəsmi Moskvanın, yəni Vladimir Putin administrasiyasının bu mərhələdə Əsədi məhv etməsi və ya neytrallaşdırması onların maraqlarına xidmət etməz.
Eyni zamanda mümkündür ki, Əsədə qarşı hər hansı zərərvermə cəhdi Moskvanın rəsmi siyasətindən ayrı, fərqli qüvvələr tərəfindən həyata keçirilə bilər. Bu, Suriya rejimi daxilindəki aktorlar, Rusiyadakı müəyyən dairələr və ya üçüncü tərəflər tərəfindən atılan addım ola bilər. Belə bir əməliyyatın məqsədi Rusiyanın Əsəd kartından məhrum edilməsi ola bilər ki, gələcəkdə Yaxın Şərqdəki oyunlarda bu kartdan istifadə etmək mümkün olmasın”.

Ləman Mahmudlu
