00:00:00
Yazar
Admin User
08.09.2025 11:53 104 5 dəq oxuma
Siyasət

Bu müharibə ilə Avropa sınaqdan keçir

Bu müharibə ilə Avropa sınaqdan keçir

Ukraynadakı müharibə Avropanın özünün müdafiə qabiliyyətinin əsas sınağına çevrilib. Rusiyanın təcavüzünə qarşı durmaq üçün Kiyevin müttəfiqləri təkcə kağız üzərində mövcud olmayacaq, etibarlı təhlükəsizlik təminatları verməli olacaqlar.


Bunu britaniyalı general Riçard Barrons deyib.


O hesab edir ki, Qərb Ukraynanı təhlükəsizlik təminatları ilə dəstəkləyə bilməsə, istənilən sülh sazişi döyüşlərin növbəti raunduna qədər sadəcə fasilə olacaq.


General Rusiya-Ukrayna müharibəsinin nəticəsinin təkcə Kiyevə və ya Moskvaya deyil, bütün Avropaya təsir edəcəyini vurğulayıb:


“Ona görə də gələcək sülh sazişini diqqətlə hazırlamaq lazımdır”.


Mövzu ilə bağlı politoloq Natiq Miri “İnformator.az”a açıqlamasında bildirib ki, bugün Avropanın təhlükəsizliyi Ukraynanı ciddi şəkildə müdafiədən keçir:


“Çünki bugün Ukrayna cəbhəsi Avropanın qapısıdır. Və burada müharibə bitirilirsə, müharibədə məğlub olunarsa, bu, Avropanın yeni bir müharibəni öz qapısında görəcəyi anlamına gəlir. Ona görə də Avropanın ilk təhlükəsizliyi Ukraynanın təhlükəsizliyindən və bu müharibədə qalib gəlməsindən, ən azından sülh müqaviləsinin ədalətli bitməsindən asılıdır.


Təbii ki, bu kontekstdə bir də Avropanın özünü müdafiə məsələsi gücləndirilməlidir. Avropa Birliyi ölkələrində hər bir sənaye kompleksi inkişaf etdirilməli, yeni istehsal müəssisələri yaradılmalıdır. Çünki ən müasir silahların məhz Avropa məkanında istehsalına ehtiyac var ki, Avropa heç bir güc mərkəzindən asılı olmadan özünü bütün strateji silahlarla təmin edə bilsin. Belə bir boşluq Rusiya–Ukrayna müharibəsində açıq şəkildə özünü göstərib”.


Natiq Miri qeyd edib ki, bütün Avropa məkanı sadəcə 155 mm-lik top sursatlarının istehsalında nə qədər çətinlik çəkdiyini hər kəs görüb:


“Bu, digər silahlara da aiddir. Ona görə də böyük resurslara nail olmaq, çevik və yüksək istehsal gücünə malik sənaye kompleksinə ehtiyac var ki, Avropa ilk olaraq bunu etməlidir. Və bu kontekstdə böyük məbləğdə bir büdcənin yaradılması ilə bağlı razılıq var. Bilirsiniz ki, 800 milyard avro civarında maliyyə vəsaitinin cəlb olunması haqqında razılıq da var. Yəni bütün bunlar olmalıdır ki, Rusiya üçün Avropaya təcavüz qeyri-mümkün olsun.


Yəni Avropa o zaman çəkindirici ola biləcək ki, özünün təminatı, bütün sənayesi, silahlarla təminatı yüksək səviyyədə olsun və paralel olaraq bir də hər bir Avropa ölkəsi güclü orduya malik olsun. Doğrudur, hələlik Avropa ordusunun yaradılmasından söhbət getmir. Çünki bu, NATO-nun yaradılmasıdır.Yəni, bu, NATO-nun paralel olaraq yaradılması anlamına gələrdi. Ona görə də hələlik NATO mövcud olduğu təqdirdə NATO-ya ayrılacaq vəsaitlərin artırılması məsələsi gündəm ola bilər ki, NATO çərçivəsində bütün NATO ölkələri təhlükəsizlik zəmanətinə malik olsun”.


Politoloq bildirib ki, Qərbin Ukraynaya dəstəyi həm Qərb üçün, həm də Ukrayna üçün olmazsa olmazdır:


“Çünki Ukraynanın həm iqtisadiyyatını, sosial problemlərini, həm də silah təchizatını davam etdirə bilməsi üçün həm maliyyə, həm də hərbi təchizat baxımından dəstəyə ehtiyacı var. Ona görə də Qərbin təsiri bu müharibəyə bir mənalıdır. Olmazsa olmazdır və bu dəstək sona qədər davam etməlidir. Belə olduğu təqdirdə, ayrıca Ukraynaya olunacaq dəstəklər gecikdirilmədən, zamanında təchiz olunarsa, bu, müharibənin də taleyinə ciddi təsir edəcək. Çünki Qərbin dəstəyi gücləndikcə Rusiyanın imkanları məhdudlaşır, bir də Rusiyanın itkiləri çoxalır ki, bu da Rusiyanın sülh masasına oturmasına vacib amildir.


Ona görə də Qərbin Ukrayna müharibəsinə təsiri birbaşadır. Təbii ki, sülh prosesinə Qərbin təsir imkanları böyükdür. Çünki indiki vəziyyətdə atəşkəs təmin olunmasa da, sülh danışıqları adına yalançı bir görüntü var. Hətta bu görüntü kontekstində belə Qərb, xüsusilə də Avropa Birliyi–Könüllülər Koalisiyası, Ukraynaya sona qədər dəstəyini ifadə edir. Bu da Rusiya üçün arzuolunmaz bir məsələdir. Ona görə də bu, Rusiyanın masada mövqelərini gücləndirə biləcək amillərin qarşısını alır.Ən azından Rusiyanın böyük iddialarının qarşısını almaq üçün. Çünki hərbi cəhətdən, hər kəsin gördüyü kimi, Rusiya, demək olar ki, Ukrayna cəbhəsində heç bir ciddi hərbi uğura imza ata bilmir. Yəni, enində sonunda, gec-tez, sülh masasında bu müharibənin bitəcəyi bəllidir. Və Qərbin prosesdə iştirakı və Ukraynaya dəstəyi burada həlledici amillərdən biridir”.


Politoloq Natiq Miri qeyd edib ki, Rusiya–Ukrayna müharibəsi Avropanın təhlükəsizliyinə müxtəlif səviyyələrdə təsir edir:


“İlk olaraq Avropanın iqtisadiyyatında bir yavaşlamanı ortaya qoyub. Avropada bir çox iqtisadi sahələrdə problemləri üzə çıxarıb. Avropa əhalisi əvvəlki kimi artıq ən yüksək rifahdan söhbət edə bilmir, çünki problemlər yaşanır. İstər Fransada, istər digər Avropa ölkələrində. Avropa ölkələrində həm sənaye istehsalı, həm qiymət artımları, həm də iqtisadi cəhətdən geriləmə açıq şəkildə özünü göstərir. Çünki bir də Avropa Birliyi ölkələrinin Ukraynaya ayırdığı milyardları da düşünür.


Yəni bütün bunlar hamısı büdcədən və əhalinin boğazından kəsilən yardımlardır ki, Avropa buna vərdiş etməmişdir. Avropa uzun müddət ABŞ-nin hərbi təhlükəsizlik çətiri altında özünün bir ordusunu yaratmaq fikrinə belə düşməyib. Hərbiyə böyük miqdarlar ayırmayan Avropa bu miqdarları daha çox insanların rifahına, Avropanın yüksəlişinə, inkişafına xərclənib deyə Avropa qlobal səviyyədə bir növ cənnətə çevrilmişdi.


Bu müharibə bir çox gerçəkləri üzə çıxarıb. Öncə ABŞ-də Donald Trampın ikinci dəfə hakimiyyətə gəlişi və Avropanı bundan sonra müdafiə etməyəcəyi ilə bağlı açıqlaması Avropanı açıq şəkildə xəyal qırıqlığına uğradıb və cəmiyyəti ABŞ-ni silkələyib”


Natiq Miri son olaraq açıqlamasında bildirib ki, eyni zamanda bir də Ukrayna müharibəsi kontekstində, perspektivdə Rusiyanın Avropaya təcavüz ehtimalı dəyərləndirilərək, artıq böyük məbləğlərdə vəsaitin özünü qoruması və müdafiəsini gücləndirməsi üçün ayrılmasına ehtiyac yaranıb:


“Söhbət 800 milyarda qədər avrodan gedir və bunlar davamlı olacaq. Buna görə də təsirlər böyükdür. Ancaq digər tərəfdən bu müharibə həm də Avropa Birliyi ölkələrini ayırıb ki, Avropa Birliyi artıq kimsəyə güvənmədən özünü müdafiə etmək qabiliyyətinə malik olmalıdır. Sadəcə müdafiə etmək deyil, elə bir güc olmalıdır ki, bütün dünya dövlətləri, o cümlədən təcavüzkar Rusiya üçün hər zaman çəkindirici olsun. Ona görə də fikir verirsinizsə, bu müharibənin mənfi və müsbət yöndə Avropa Birliyinə təsirləri ciddidir”.


Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər