Bu ölkə NATO-dan qovulmalıdır
ABŞ Prezidenti Donald Tramp deyib ki, kifayət qədər yüksək olmayan hərbi xərclər səbəbindən İspaniya NATO-dan çıxarılmalıdır.
Mövzu ilə bağlı politoloq Mütəllim Rəhimli “İnformator.az”a açıqlamasında bildirib ki, NATO ölkələri arasında fikir ayrılıqları mövcuddur:
“Əvvəla, qeyd etmək lazımdır ki, NATO ölkələri arasındakı münasibətlər əvvəlki kimi səmimi deyil. Bu ittifaq daxilində müəyyən fikir ayrılıqları var. Fikir ayrılığının yaranmasına isə birbaşa Birləşmiş Ştatların mövqeyi, xüsusilə də Trampın son zamanlar NATO ilə bağlı irəli sürdüyü fikirlər və hərəkətləri səbəb olub. Tramp Avropanın təhlükəsizliyinin Birləşmiş Ştatların hesabına təmin olunmasının əleyhinədir və buna görə də Avropa ölkələrini, xüsusilə də NATO üzvü olan ölkələri səsləyir ki, onlar da əllərini daşın altına qoysunlar. Amerikanın elə bir öhdəliyi yoxdur ki, Avropanın təhlükəsizliyi üçün bütün xərcləri öz üzərinə götürsün. Buna görə də dəfələrlə bu çağırışı edib ki, siz ən azı beş faiz öz büdcənizdən müdafiə xərclərinə vəsait ayırmalısınız. İndiki halda Ukraynaya münasibətdə də NATO ölkələri arasındakı fikir ayrılığını görürük. Birləşmiş Ştatlar Ukraynaya verdiyi silahların pulunun Avropa Birliyi tərəfindən ödənməsinin tərəfdarıdır və bunu tələb edir. İkinci bir tərəfdən də, Avropa ölkələrində yüksək rifah halı müdafiəyə çəkiləcək xərclərlə xeyli dəyişə bilər. Bu da Avropa ölkələrini narahat edir. Ona görə də üzdəki təbəssüm və gülüşə o qədər də inanmayaq. Həqiqətən də NATO ölkələri arasında fikir ayrılıqları var. Xüsusilə də Birləşmiş Ştatlarla Avropada yerləşən NATO ölkələri arasında”.
Ekspert həmçinin bunu da qeyd edib ki, ABŞ ilə münasibətlərin gərginləşməsi İspaniyaya sərf etməz:
“Birləşmiş Ştatların İspaniya ilə münasibətlərinə gəldikdə isə, İspaniyanın hər hansı bir mövqe tutması ABŞ-nin xarici siyasətində heç nəyi dəyişməyəcək. Çünki Amerikanın İspaniyaya ehtiyacı yoxdur, İspaniyanın Amerikaya ehtiyacı var. Tramp hətta öz dostlarının belə göz yaşına baxmır. Yüksək gömrük tarifləri ilə onların “dizini yerə yatırır”. Ona görə də İspaniya, mənə elə gəlir ki, Trampın əleyhinə siyasət sərgiləməyə cürət etməz. Çünki İspaniya kifayət qədər problem içərisindədir və orada azlıqlar məsələsi də var. Amerikanın kiçik bir dəstəyi ölkə daxilində çox böyük problemlər yarada bilər. Ona görə də İspaniya Birləşmiş Ştatların təkliflərinə sadəcə olaraq iqtisadi imkanları yol vermədiyinə görə əməl etmir. Münasibətlərin də gərginləşməsi İspaniyaya sərf etməz”.
Lalə Qurbanlı
