“Bu qələbə Zirə üçün həyati əhəmiyyət daşıyır”
Azərbaycan Premyer Liqasının 30-cu turunda Zirə FK evdə Qəbələ FKni qəbul edib. Qarşılaşma ev sahiblərinin qələbəsi ilə yekunlaşıb. Qəsəbə təmsilçisinin yeganə qolunu 78-ci dəqiqədə Junior Martins vurub.
Mövzu ilə bağlı idman jurnalisti və şərhçi Kənan Məstəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, qarşılaşma maraqlı keçib:
“Qalib olan tərəf Zirə olsa da, Qəbələnin üstünlüyünü də qeyd etmək lazımdır. Xüsusilə birinci hissədə Qəbələnin ciddi üstünlüyü var idi. Zirə demək olar ki, qapıya zərbə endirə bilmirdi. Tam üstünlük qonaq komandada idi. Onlar bir neçə fürsət əldə etsələr də, bundan yararlana bilmədilər. Bu da ondan irəli gəlir ki, Qəbələnin heyətində istəkli və enerjili futbolçular var, lakin təcrübə çatışmazlığı hiss olunur.
Zirə isə əksinə, daha təcrübəli heyətə malikdir və bu baxımdan daha balanslı komanda təsiri bağışlayır. Birinci hissədə çətinlik yaşasalar da, ikinci hissədə yaranan imkandan maksimum istifadə edərək qələbə qolunu vurdular və oyunun sonuna qədər hesabı qorumağı bacardılar.
Qəbələ həqiqətən də yaxşı futbol oynadı. Lakin mövsümün sonuna yaxın hər xal böyük əhəmiyyət daşıyır. Bu mərhələdə həm müdafiə olunmaq, həm də hücum etmək bacarığı və düzgün balans vacibdir. Bu baxımdan Zirə daha hazırlıqlı təsir bağışladı. Rəşad Sadıqovun rəhbərliyi altında komanda daha diqqətli və ağıllı oyun nümayiş etdirdi və vacib üç xalı qazandı.
Bu qələbə Zirənin Neftçi PFK ilə mübarizəsində mühüm rol oynayacaq. Əgər bu oyunda xal itkisi olsaydı, Neftçi xal fərqini artıraraq daha üstün mövqeyə keçə bilərdi. Hazırda isə bu nəticə Zirəyə mübarizəni davam etdirmək imkanı verdi. Bu, komanda üçün çox vacib qələbədir”.
Nuray Əliyeva