Bu ərazilər Bakıya qaytarılacaq
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın bu ölkənin ərazisindəki anklavlarını – Sofulu, Barxudarlı, Yuxarı Əskipara və Kərki kəndlərini təhvil verməyə hazırlaşır.
Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva "İnformator.az"a bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazisində yerləşən anklav kəndlərini təhvil verməyə hazırlaşması həm daxili, həm də regional siyasətdə ciddi rezonans doğura bilər:
"Paşinyanın bu addımı ilk növbədə Ermənistanın daxili siyasətində kəskin müzakirələrə səbəb olacaq. Onsuz da müxalifətin təzyiqi altında olan Baş nazirin belə bir qərarı daxildə “təslimçilik” kimi qiymətləndirilə bilər. Bu isə parlamentdə və ictimaiyyət arasında etirazların güclənməsinə gətirib çıxara bilər. Digər tərəfdən, Paşinyan bu addımı sülh gündəliyinin bir hissəsi kimi təqdim etməyə çalışacaq və Qərbə inteqrasiya planlarının davamlılığını vurğulayacaq. Bu qərar Azərbaycan-Ermənistan münasibətlərində yeni bir mərhələ aça bilər. Anklavların qaytarılması iki ölkə arasında sərhədin delimitasiya və demarkasiya prosesini sürətləndirə, sülh müqaviləsi üzrə danışıqların real məcraya yönəlməsinə zəmin yarada bilər. Eyni zamanda, bu addım Bakı-İrəvan arasında etimad mühitinin qismən də olsa formalaşmasına imkan verəcək. Lakin prosesin uzanması və ya pozulması regionda yeni gərginliklərə səbəb ola bilər. Əgər Ermənistanda daxili siyasi təzyiqlər artarsa və Paşinyan geri addım atmaq məcburiyyətində qalarsa, bu, sərhəd bölgəsində yenidən toqquşmaların baş verməsi riskini artırar. Azərbaycan tərəfi anklavların qaytarılmasını hüquqi öhdəlik kimi qəbul etdiyindən, bu prosesin gecikdirilməsi ikitərəfli münasibətlərdə yeni böhran yarada bilər. Beləliklə, Paşinyanın açıqladığı addım Ermənistanın daxili siyasi sabitliyi üçün ciddi sınaq, Azərbaycan-Ermənistan münasibətləri üçün isə yeni mərhələnin başlanğıcı ola bilər. Prosesin uğurla başa çatması sülh sazişinə yol aça, uğursuzluğu isə regionda gərginliyi yenidən artıraraq münaqişə risklərini gündəmə gətirə bilər".
Fatimə Heydərova