00:00:00
Yazar
Aysel Mirzəyeva
21.04.2026 19:29 49 2 dəq oxuma
Siyasət

“Bu sənədlərin arxasında erməni diasporu dayanır” - ŞƏRH

“Bu sənədlərin arxasında erməni diasporu dayanır” - ŞƏRH

Milli Məclis Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli sənədlərlə bağlı sərt bəyanat yayıb. Rəsmi Bakı bu addımları regionda sülhə mane olan siyasi təxribat və ikili standartların təzahürü kimi qiymətləndirib.


Mövzu ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanın bu ölkələrlə birbaşa problemi yoxdur və münasibətlər ümumilikdə müsbət istiqamətdə inkişaf edir:

 

“İlk növbədə onu qeyd etmək lazımdır ki, Azərbaycanın nə Belçika, nə də Niderlandla fundamental və ya sistemli problemi mövcud deyil. Əksinə, bu ölkələrlə münasibətlər indiki mərhələdə normal və hətta müəyyən sahələr üzrə inkişaf edən xətt üzrə davam edir. Lakin 16 aprel 2026-cı il tarixində həmin ölkələrin parlamentlərində qəbul edilən sənədlər mövcud münasibətlərə mənfi təsir göstərə biləcək addımlar kimi qiymətləndirilməlidir və bu, arzuolunan hal deyil. Bu sənədlərin arxasında daha çox siyasi təsir qrupları dayanır. Bu tip sənədləri birbaşa dövlətlərin rəsmi və uzunmüddətli siyasətinin nəticəsi kimi qiymətləndirmək düzgün yanaşma olmaz. Daha çox həmin ölkələrin parlamentlərində fəaliyyət göstərən və erməni diasporuna yaxınlığı ilə seçilən siyasi dairələrin təsiri burada açıq şəkildə hiss olunur. Son dövrlərdə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müəyyən irəliləyişlərin əldə olunması, sülh danışıqlarının davam etməsi və artıq prosesin yekun mərhələyə yaxınlaşması diaspor dairələrini ciddi şəkildə narahat edir. Xüsusilə Ermənistanda daxili siyasi proseslərin aktivləşməsi, qarşıdan gələn seçkilər və hökumətin atdığı bəzi addımlar bu narahatlığı daha da artırır”.

 

Politoloq əlavə edib ki, diaspor bu cür addımlarla prosesə təsir göstərməyə çalışır:

 

“Faktiki olaraq diaspor mövcud Ermənistan hakimiyyətinin apardığı siyasətdən tam razı deyil və bu narazılığı müxtəlif beynəlxalq platformalarda belə təşəbbüslərlə nümayiş etdirməyə çalışır. Məqsəd həm Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə mane olmaq, həm də Azərbaycanın Avropa ölkələri ilə münasibətlərinə müəyyən mənfi təsir göstərməkdir. Yəni bu cür sənədlər daha çox siyasi təzyiq aləti kimi istifadə olunur. Azərbaycanın reaksiyası adekvatdır. Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən verilən reaksiya kifayət qədər yerində və balanslıdır. Səfirlərin Xarici İşlər Nazirliyinə çağırılması, məsələnin həssaslığının diqqətə çatdırılması diplomatik praktika baxımından doğru addımdır. Hesab edirəm ki, hazırkı mərhələdə bundan daha sərt reaksiyaya ehtiyac yoxdur və mövcud addımlar kifayət edir. Bu məsələ gələcək üçün də aktual olaraq qalacaq. Görünən odur ki, hətta Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalansa belə, diaspor faktoru regionda proseslərə təsir göstərməkdə davam edəcək. Bu isə həm Azərbaycan, həm də Ermənistan üçün yeni çağırışlar yaradır. Xüsusilə Ermənistan daxilində diaspor təsirinin zəiflədilməsi istiqamətində addımlar atılmasa, bu amil gələcəkdə də münasibətlərin normallaşmasına maneə törədə bilər və sülh prosesinə mənfi təsir göstərə bilər”.

 

Ayşə Müzəfərli

#xəbər #erməni #arxasında #dayanır” #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər