“Bu sanksiyalar İran siyasətinə təsir etmir”- ŞƏRH
Avropa Birliyi Şurası insan haqlarının pozulmasına görə Avropa Birliyi tərəfindən İrana tətbiq edilən sanksiyaların müddətinin daha bir il uzadıldığını açıqlayıb.
Mövzu ilə bağlı siyasi şərhçi Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Avropa Birliyinin İrana qarşı sanksiyaları uzatması gözlənilən idi:
“Hazırkı mərhələdə İranda müharibə şəraiti hökm sürür və xüsusilə son dövrlərdə hətta müharibədən əvvəl də ölkədə kütləvi edamlar baş verib. Bu isə istər-istəməz sanksiyaların uzadılması məsələsini aktuallaşdırır. Çünki Avropa Birliyi bu sanksiyaları məhz insan hüquqlarının pozulmasına görə tətbiq edib. Edamların davam etməsi həmin qərarın əsaslandırılması baxımından ciddi göstəricidir. İrandakı gərgin vəziyyət onsuz da mürəkkəbdir və insan hüquqları ilə bağlı problemlər bu mənzərəni daha da ağırlaşdırır. Burada digər mühüm məqam isə Amerika Birləşmiş Ştatları amilidir. ABŞ və İsrail hazırda İranla qarşıdurma vəziyyətindədir. Belə bir şəraitdə Avropa Birliyi İrana tətbiq etdiyi sanksiyaları aradan qaldırarsa, bu gələcəkdə AB ilə ABŞ arasında ciddi fikir ayrılıqlarına səbəb ola bilər. Bu baxımdan Avropa Birliyi ABŞ-ni qıcıqlandırmamaq üçün sanksiyaların müddətini uzatmağa üstünlük verir. Qərb və İran arasında hər hansı razılaşma baş verməyəcəyi təqdirdə bu sanksiyaların ləğvi real görünmür. Eyni zamanda, bu sanksiyalar İranın daxili siyasətinə ciddi təsir göstərmir. Çünki İran uzun müddətdir beynəlxalq münasibətlər sistemində Qərbdən müəyyən məsafədə dayanır və sanksiyalar nə cəmiyyət, nə də hakimiyyət səviyyəsində həlledici amil kimi qəbul olunur. Ümumilikdə, Avropa Birliyinin İrana təsir mexanizmi kifayət qədər məhduddur. Sanksiya o ölkələr üçün effektiv olur ki, onlara qarşı real təsir alətləri mövcud olsun”.
Nuray Əliyeva