Bu türk ölkəsi də Abraham sazişinə qoşulur
Bu gün ABŞ Administrasiyası yeni ölkənin Abraham sazişinə qoşulacağını elan edəcək.
Bu barədə ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkof Mayamidə Amerika Biznes Forumunda açıqlama verib. ABŞ rəsmisinin sözlərinə görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ Prezidenti Donald Trampla görüşündə ölkəsinin sazişə qoşulacağını bəyan edəcək.
Mövzu ilə bağlı politoloq Hikmət Babaoğlu “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsi fonunda formalaşan yeni geostrateji reallıqlar 21-ci əsrin dünya siyasətində yeni paradigma və güc balanslarını müəyyənləşdirir:
“Bu kontekstdə diqqətçəkən əsas məqamlardan biri Rusiya ətrafında yaranan geostrateji boşluqların ABŞ tərəfindən tədricən doldurulması prosesidir.
Bu prosesin ən bariz nümunəsi kimi Mərkəzi Asiya, yaxud Türküstan coğrafiyasına daxil olan ölkələri göstərmək olar. Son dövrlərdə həmin ölkələrin liderlərinin ABŞ-yə səfərləri də məhz bu məqsədə – regionda yeni güc balansının formalaşdırılması və strateji istiqamətlərin yenidən müəyyənləşdirilməsinə xidmət edir”.
Politoloq açıqlamasında qeyd edib ki, eyni zamanda, “Böyük Abraham sazişi”nin də bu prosesdə mühüm rolu var:
“Bu saziş Yaxın Şərqdə sülhün təmin edilməsi və İsrailin beynəlxalq münasibətlər sistemində rolunun artırılması məqsədilə imzalanıb. Qeyd etmək lazımdır ki, Misir və İordaniya da daxil olmaqla, bir sıra ərəb ölkələri artıq həmin sazişə qoşulub. Bu baxımdan, Qazaxıstanın da “Böyük Abraham sazişi”nə qoşulması müsəlman dünyasında təbii və anlayışla qarşılanmalıdır. Axı sazişin əsas məqsədi bölgədə sülh və sabitliyin bərqərar olunmasına xidmət etməkdir. Əgər ərəb ölkələrinin özləri bu təşəbbüsə dəstək veriblərsə, digər müsəlman dövlətlərinin də qoşulmasında qəbahət yoxdur”.
Ləman Mahmudlu
