00:00:00
Yazar
Admin User
16.12.2025 17:32 119 3 dəq oxuma
Siyasət

“Bu yanaşma iki ölkə arasında siyasi münasibətlərə ciddi təsir göstərib”

“Bu yanaşma iki ölkə arasında siyasi münasibətlərə ciddi təsir göstərib”

Azərbaycan və Niderland arasında keçirilən görüşdə ikitərəfli siyasi və iqtisadi münasibətlərin gücləndirilməsi, eləcə də mövcud əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunub.

 

Mövzu ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan–Niderland münasibətləri yaxın keçmişdə müəyyən gərginlik mərhələsindən keçib:

 

“Azərbaycan–Niderland münasibətləri yaxın tarixdə müəyyən qədər soyuyub və hətta pisləşib. Bunun əsas səbəbi Niderlandın Qarabağ münaqişəsi və ümumilikdə Azərbaycan–Ermənistan qarşıdurması ilə bağlı birtərəfli mövqeyi, Ermənistana verdiyi açıq dəstək idi. Bu yanaşma iki ölkə arasında siyasi münasibətlərə ciddi təsir göstərib. Lakin son dövrlər regionda yaranan yeni siyasi reallıqlar fonunda Niderland da əvvəlki mövqelərinin yanlış olduğunu anlayır və münasibətləri normallaşdırmaq istiqamətində addımlar atmağa çalışır. Niderland hazırda Azərbaycanla əməkdaşlığın bərpasında maraqlıdır və bunun üçün real potensial mövcuddur.
Niderland Fransa kimi bir sıra Avropa ölkələri ilə eyni səhvləri etdiyini anlayır və regionda dəyişən geosiyasi vəziyyətdən faydalanmağa çalışır. Bu baxımdan Azərbaycanla münasibətlərin normallaşdırılması Niderland üçün də maraqlıdır. Çünki iki ölkə arasında bir çox sahədə əməkdaşlıq imkanları mövcuddur. Xüsusilə kənd təsərrüfatı sahəsində Niderland Azərbaycanın inkişafına ciddi töhfə verə biləcək ölkələrdən biridir. Niderlandın aqrar sahədə təcrübəsi və təhsil imkanları Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Niderland dünyada aqrar sahə üzrə ən qabaqcıl ölkələrdən biridir. Bu ölkədə kənd təsərrüfatı üzrə magistr və ali təhsil verən aparıcı universitetlər fəaliyyət göstərir. Azərbaycan üçün bu, yerli mütəxəssislərin hazırlanması, təhsil mübadiləsi proqramlarının həyata keçirilməsi baxımından böyük imkanlar yarada bilər. Eyni zamanda niderlandlı mütəxəssislərin Azərbaycana, xüsusilə Qarabağ bölgəsində yaradılan universitetlərə cəlb edilməsi həm təhsil, həm də regional inkişaf baxımından əhəmiyyətli töhfə verə bilər”.

 

Politoloqun fikrincə, Niderlandla münasibətlərin yaxşılaşdırılması Azərbaycanın siyasi mövqelərinin güclənməsinə də xidmət edir:

 

“Avropa ölkələri ilə münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın beynəlxalq hüquq müstəvisində və beynəlxalq təşkilatlarda mövqelərinin möhkəmlənməsi deməkdir. Biz qloballaşan bir dünyada yaşayırıq və bu şəraitdə nə qədər çox ölkə ilə sağlam siyasi münasibətlər qurulursa, bir o qədər çox siyasi dividend əldə olunur. Niderland köklü və təsirli Avropa dövlətidir və bu ölkə ilə münasibətlərin inkişafı Azərbaycanın siyasi mövqelərinin güclənməsinə şübhəsiz töhfə verəcək.
Regional siyasətə təsir məsələsinə toxunan politoloq bildirib ki, Niderlandın Cənubi Qafqazdakı rolu hələlik məhduddur. Niderlandın birbaşa Cənubi Qafqaz regionuna təsiri o qədər də güclü deyil. Lakin bu ölkə Avropa İttifaqı daxilində mühüm mövqeyə malikdir. Dolayısı ilə Azərbaycan–Niderland münasibətlərinin inkişafı Azərbaycanın Avropa siyasətinə təsir imkanlarını genişləndirə bilər. Bununla belə, Niderlandın hazırkı mərhələdə sırf siyasi baxımdan Azərbaycana ciddi regional təsir qazandıracağını demək hələ tezdir. Münasibətlərin real nəticələr verməsi üçün etimadın bərpası əsas şərtdir. Hazırda əsas məsələ etimadın bərpasıdır. Əgər bu istiqamətdə ardıcıl addımlar atılarsa və münasibətlər normallaşarsa, gələcəkdə həm siyasi, həm də iqtisadi baxımdan daha konkret nəticələrdən danışmaq mümkün olacaq. Amma bu proses zaman tələb edir”.


Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər